Vergi borcu olan şirkətin FHN-in tenderində qalib gəlməsinin ictimai reaksiya doğurmuş məqamları...

Rəsul Cahangirli: “Belə halın baş verməsi qanun pozuntusudur”

img

Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsi 26 fevralda mobil mühafizə məntəqələri və it yeminin satın alınması tenderlərinə yekun vurub. Ümumi məbləği 422 min manat olan iki tenderin qalibləri “Kamiloğlu” və “Metro İnvest” MMC-lər olub.

296 min 121 min manat məbləğində olan mobil mühafizə məntəqələrinin satın alınması müsabiqəsini “Kamiloğlu” MMC qazanıb. Tenderin şərtlərinə görə, 10 bank günü ərzində şirkət 6 ədəd mobil məntəqə (4 kabinalı hamam) - 6M x 2,4M x 2,6M ölçülü, 14 ədəd mobil mühafizə məntəqəsi - 6M x 2,4M x 2,6M ölçülü, 1 ədəd mobil mühafizə məntəqəsi - 7M x 3M x 2,6M ölçülü, 7 ədəd mobil məntəqə (4 kabinalı tualet) - 6M x 2,4M x 2,6M ölçülü, 2 ədəd mobil məntəqə (4 kabinalı hamam) - 6M x 3M x 2,6M ölçülü təhvil verməlidir.

Burada diqqətçəkən məqam odur ki, “Dövlət satınalmaları haqqında” Qanuna görə, vergi borcu olan şirkətlər tenderlərdə iştirak edə bilməzlər. Ancaq qəribədir ki, “Kamiloğlu” MMC-nin hazırda 2812 manat vergi borcu olduğu halda, həm tenderə qatılıb, həm də qalib olub. Belə şirkətin vergi borcu olduğundan tenderdə iştirakı, faktiki olaraq, “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinin pozulması anlamına gəlir.

Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər? Bu nə dərəcədə düzgündür?

  • “Tenderdə şirkət ən münasib şərtləri təklif etsə belə, bu, onun vergi borcu olması məsələsini arxa plana keçirə bilməz”

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, belə hal varsa, o zaman bu, qanun pozuntusudur: “Qanun da hər şeydən üstündür. Çünki vergi borcu olan şirkətlərin tenderdə iştirakı qadağandır. Fərqi yoxdur, həmin vergi borcu azdır və yaxud da çoxdur. Bütün hallarda, şirkət öz vergi borcunu ödədikdən sonra tenderdə iştirak etməlidir. Ola bilsin ki, həmin şirkətin əvvəl vergi borcu olub, tenderə qatılanda borcu bağlayıb. Belə hal da ola bilər. O zaman şirkət gərək bununla bağlı izahat versin. Yəni bəyan etsin ki, vergi borcunu  ödəyib. Bunu etmirlərsə, o zaman qanunu pozmuş olurlar. Hesab edirəm ki, tenderdə iştirak edən şirkətlər sözügedən məsələdə bəzi boşluqlardan sui-istifadə edirlər. Məsələ ondadır ki, pandemiya səbəbindən bir sıra şirkətlərin fəaliyyətində çətinliklər yaranıb. Dövlət bu amili nəzərə alaraq vergilərin ödənişi ilə bağlı vaxtı uzadıb. Yəni müəssisələrə bununla bağlı vaxt verib. Ola bilsin ki, FHN-in tenderinə qatılan MMC bu amildən istifadə edib. Lap bu belədirsə, yenə doğru deyil. Çünki qanunvericilikdə açıq göstərilib ki, vergi borcu olan şirkətlər tenderlərdə iştirak edə bilməz. Ancaq məlum olur ki, vergi borcu olan şirkət tenderə qatılmaqla yanaşı, həm də qalib olub”.

Ekspert onu da qeyd etdi ki, tenderdə şirkət ən münasib şərtləri təklif etsə belə, bu, onun vergi borcu olması məsələsini arxa plana keçirə bilməz. Qaydalara hamı əməl etməlidir.

Vidadi ORDAHALLI

Son xəbərlər