Biznesyönümlü şirkətlərin vergidən qəsdlə yayınması halları kütləviləşir - xüsusi məqsədlər var...

Fikrət Yusifov: “Problem ondadır ki, sahibkarların şəxsi maraqları dövlət maraqlarını üstələyir”

img

Son zamanlar Azərbaycanda fəaliyyət göstərən biznesyönümlü özəl şirkətlərin əksəriyyətinin dövlətə olan vergi borcları artmaqda davam edir. Ciddi nizamnamə kapitalına malik olan şirkətlər müxtəlif bəhanələrlə vergi borclarını ödəməkdən yayınırlar.

Şirkət var ki, bir milyon nizamnamə kaptalına malikdir, amma vergi borcunu ödəməkdən yayınır. Pandemiyadan sui-istifadə edib borcu ödəmirlər ki, dövlət sonda borcu silsin.

Məsələ ondadır ki, bu amil koronavirus pandemiyasının son bir ildə dünyada yaratdığı iqtisadi böhranla əlaqələndirilsə də, ortada digər səbəblərin də olduğu istisna edilmir. Məlumata görə, ciddi nizamnamə kapitalına malik olan şirkətlərin vergi borclarını ödəməmələrinin səbəblərindən biri də dövlətin vergi borcu olan şirkətlərə qarşı humanist davranmasıdır. Son illərin təcrübəsinə diqqət etdikdə də görürük ki, bu kimi şirkətlər, yəni dövlətə külli miqdarda vergi borcu yaranan müəssisələrin borcları dövlət tərəfindən silinir. Belə görünür ki, biznesyönümlü şirkətlər məqsədyönlü şəkildə bu cür neqativ hallara yol verirlər. Bu isə vergi gəlirlərinin həcminə bu və ya digər formada mənfi təsir edir. Nəticədə dövlət bundan itirir.

  • “Vergini ödəməkdən yayınan müəssisələr cəzalandırılmalıdır”

Məsələyə münasibət bildirən sabiq maliyyə naziri, professor Fikrət Yusifovun sözlərinə görə, biznesyönümlü şirkətlər yaranan vəziyyətdən sui-istifadə edərək vergiləri ödəməkdən yayınırlar: “Problem əsasən bununla bağlıdır. Dünyanın hər yerində, o cümlədən, Azərbaycanda da qoyulan qaydalara sona qədər riayət olunması dövlətə müyəssər olmayıb. Yəni kimlərsə öz maraqları baxımından bu qaydalardan yan keçməyə çalışırlar. Problem ondadır ki, sahibkarların şəxsi maraqları dövlət maraqlarını üstələyir. Məhz belə hallarda vergidən yayınma, vergi borclarının artması müşahidə edilir. Müxtəlif işbazlar bu minvalla çalışırlar ki, dövlətə zərər vursunlar. Təbii ki, bu, neqativ haldır, yaxşı bir şey deyil. Düzdür, pandemiya müəssisələrin potensialına təsir edib. Yəni öz güclərindən tam istifadə edə bilmirlər. Ancaq nəzərə almaq lazımdır ki, dövlət buna görə onlara yardım edib. Bununla bağlı böyük güzəştlər tətbiq edib. Lakin görünən odur ki, ölkədə fəaliyyət göstərən bəzi biznesyönümlü özəl şirkətlər bundan sui-istifadə edib vergi borcunu ödəmirlər. Qanunvericilikdə sui-istifadə halları ilə bağlı cəza tədbirləri nəzərdə tutulub. Müəssisə pandemiyanı bəhanə edib qoyulan qaydalardan kənar vergini ödəməkdən yayınırsa, bu, artıq qanun pozuntusudur. Bu səbəbdən belə müəssisələr cəzalandırılmalıdır. Belə şeylərə yol vermək olmaz. Ona görə ki, vergi ödəyicisi öz öhdəliklərini yerinə yetirməyə borcludur”.

Professor hesab edir ki, normal qaydada fəaliyyət göstərən müəssisə vergiləri vaxtında ödəməlidir.

Vidadi ORDAHALLI

Son xəbərlər