“AZAL” işçilərinin ikiaylıq maaş davası - pandemiyaya görə ən çox yardım alan, ən baha bilet satan, bilet pullarını qaytarmayan şirkətdə qəribə proses...

İlqar Hüseynli: “Tam aydınlaşmalıdır ki, bu cür rentabelli şirkətin öz işçilərinə əməkhaqqı verməməsində başlıca səbəb nədir”

img

Sosial şəbəkələrdə “AZAL” işçilərinin 2 aydır maaşlarını ala bilmədikləri ilə bağlı məlumatlar tirajlanır. Təəssüflə bildirilir ki, “ AZAL” pandemiya zamanı da vəziyyətdən müsbət mənada bəhrələnənlərdən olub.

Qeyd edilir  ki, Maliyyə Nazirliyi ötən ilin büdcəsindən “AZAL”-a pandemiyanın neqativ təsirlərini neytrallaşdırmaq üçün 86,9 milyon manat köçürüb. Bununla yanaşı, “AZAL” bazarda hökmran mövqeyini saxlayaraq İstanbula gediş-gəliş biletini dəfələrlə bahalaşdırıb. Hətta “AZAL” pandemiyadan əvvəl səfər etmək istəyənlərin ödədiyi vəsaiti də indiyə qədər geri qaytarmayıb. Belə olan halda şirkətin öz işçilərinə bəslədiyi münasibətə hansı adı vermək olar?

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “AZAL” işçilərinin əmək haqqı almaması ilə bağlı məlumat onda da var: “Bu şirkət pandemiya dönəmində gəlirlərini itirən şirkətlər sırasında deyil. Əvvəla ona görə ki, dövlət büdcəsindən onlara lazımi məbləğdə vəsait ayrılıb. “AZAL” bir neçə ölkəyə uçuşları saxlamaqla qiymətləri iki, bəzən isə üç dəfə  bahalaşdırıb. Məsələn, Ankara-Bakı qiymətini 800 manata qədər qaldırmışdı. Hətta elə vaxt oldu ki, qiymət 1000 manata kimi yüksəldi. Xüsusən də karqo xidməti pandemiya dönəmində heç vaxt dayanmadı. Bu sahədən gələn gəlirləri də bura əlavə etsək, hesab edirəm ki, “AZAL”-ın böyük gəlirlər əldə edib. Belə olan halda, şirkətin öz işçilərinin əmək haqqını ödəməməsində iki amili görə bilərik. Ola bilsin ki, əldə  olunan gəlirləri yeni bir istiqamət üçün yatırım ediblər. İkinci səbəb kimi isə korrupsiya amili ağıla gəlir. Güman edilə bilər ki, həmin gəlirlər korrupsiya sxemi ilə bölüşdürüldüyünə görə işçilərə əmək haqqı ödənişində problem yaranıb”.

Ekspertin sözlərinə görə, istənilən halda, şirkətin maliyyə vəziyyəti ilə bağlı ciddi araşdırma aparılmalıdır: “Xərclərin hansı istiqamətə yönəldiyini və səmərəliyini yoxlamaq lazımdır. Tam aydınlaşmalıdır ki, bu cür rentabelli şirkətin öz işçilərinə əmək haqqı verməməsində başlıca səbəb nədir. Həmin işçilər “AZAL”ı eyni zamanda məhkəməyə də verə bilər. Çünki şirkətlə işçilərin arasında əmək müqaviləsi imzalanıb. Ona qarşılıqlı riayət etmək hər iki tərəfin borcudur. İndiki halda görünür ki, şirkət həmin öhdəliyi pozur. Bu da hüquq müstəvisində ona qarşı iddialar qaldırmağa tam əsas verir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər