Benzinlərin keyfiyyəti barədə tənqidlər 36 YDM-də yoxlamalarla təsdiqini tapdı

Natiq Cəfərli: “Benzinin keyfiyyətsiz olması avtomobilin ehtiyat hissələrinin sıradan çıxmasına səbəb olur”

img

“Ötən ilin sonuna olan məlumata əsasən, 36 yanacaqdoldurma məntəqəsində yanacağın keyfiyyəti ilə bağlı monitorinq aparılıb. Monitorinqin nəticələrinə əsasən, yanacağın keyfiyyəti ilə əlaqədar istehlakçıların səsləndirdikləri fikirlərdə həqiqət var”. Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli “2020-ci ilin yekunları”na həsr olunmuş onlayn konfransda deyib.

 

O bildirib ki, monitorinq aparılan məntəqələrin böyük əksəriyyətində kənarlaşmaların olduğu müşahidə edilib: “Bununla bağlı materiallar hazırlanır və nəzarət mexanizmlərinin tətbiqi müzakirə olunur. Eyni zamanda, tədbirlər planı hazırlanır, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Ekspertlər qeyd edirlər ki, bütün yanacaqdoldurma məntəqələrində yoxlama aparılmalıdır. Araşdırma zamanı yanacağın keyfiyyətinin hansı səviyyədə olduğu bəlli olacaq.

  • “Azərbaycan qanunvericiliyi imkan verir ki, benzinin keyfiyyətsiz olması ilə bağlı vətəndaşların şikayətləri əsasında araşdırmalar aparılsın”

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda Neftayırma Zavodunda yenidənqurma işləri aparılır: “Açıqlanan rəsmi məlumatlara əsasən, yenidənqurma işləri tamamlandıqdan sonra bu sahədə yaşanan problemlər öz həllini tapacaq. Ancaq bu işlər bitənə qədər də benzinin keyfiyyətində problem olmamalıdır. Məlumat üçün bildirim ki, eyni yanacaqla Gürcüstan ərazisində avtomobilin benzin çənini tam dolduranda 600-650 km məsafə qət etmək mümkün olur. Azərbaycanda isə bu rəqəm 500-510 km-ə düşür. Arada olan fərq benzinin keyfiyyətsizliyinə dəlalət edir. O da bəllidir ki, benzinin keyfiyyətsiz olması avtomobilin ehtiyat hissələrinin sıradan çıxmasına da səbəb olur. Azərbaycanda bu sahədə nəzarət mexanizminin hazırlanmasına ehtiyac var. Çünki problem nə qədər kənarda qalarsa, şikayətlər də getdikcə artacaq”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan qanunvericiliyi imkan verir ki, benzinin keyfiyyətsiz olması ilə bağlı vətəndaşların şikayətləri əsasında araşdırmalar aparılsın: “Əksər Avropa ölkəsi “Avro-5” standartlarına çoxdan keçib. Bizdə isə “Avro-5” standartlarına keçid, ən yaxşı halda, 2023-cü ildə baş tutacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər