“Görünür, qiymət və keyfiyyət baxımından idxal daha sərfəli olduğundan istehlakçılar məhsulu kənardan gətirməyə üstünlük verir”
Türkiyə Ticarət Nazirliyinin yaydığı məlumata görə, 2020-ci ilin yanvar-fevral aylarında bu ölkədən Azərbaycana sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18,08 faiz artaraq 5,66 milyon dollar təşkil edib. Fevral ayında Türkiyə Azərbaycana 2,668 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 17,3 faiz çoxdur.
Bütövlükdə, Azərbaycanın sement idxalı 2018-ci ildən bəri nəzərəçarpacaq dərəcədə artmaqdadır və bu tendensiya davam edir. Belə ki, 2018-ci ildə Azərbaycan 9 799,48 min dollar dəyərində 41 532,19 ton sement idxal edib. Bu isə həcm baxımından 2017-ci illə müqayisədə 11 927,61 ton (36,15%), məbləğ baxımından isə 2 833,1 min dollar (40,7%) çoxdur. Bununla belə, Azərbaycanda sement istehsalı da azalmaqdadır. 2019-cu ildə sementin istehsalı 1,6 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 53,3 faiz, tikinti gipsinin istehsalı 66,5 faiz azalıb. Onu da qeyd edək ki, Azərbaycanda əsas sement istehsalçıları “Norm” MMC, “Qazax Sement” MMC və “Holcim (Azerbaijan)” ASC-dir. Bir vaxtlar Azərbaycan sementə olan tələbatın böyük hissəsini daxili istehsal hesabına ödəyirdi. Azərbaycanda bu məhsulun istehsalı ilə bağlı yetərincə potensial və ehtiyatlar olduğu halda, sement idxalı niyə belə kəskin artmaqdadır?
Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, sement idxalının artması sərfəli qiymət və keyfiyyət amili ilə bağlı ola bilər:“Sözügedən məsələ ətraflı araşdırılmalıdır. Çünki Azərbaycan sementə olan tələbatı daxili istehsal hesabına ödəmək potensialına malik olduğu halda idxalın belə artması anlaşılan deyil. Görünür, qiymət və keyfiyyət baxımından idxal daha sərfəli olduğundan istehlakçılar məhsulu kənardan gətirməyə üstünlük verir. Yerli bazarda istehsal olunan sement keyfiyyət və qiymət göstəricilərinə görə idxal olunan məhsul səviyyəsində olsaydı, o zaman mənzərə fərqli olardı. Yəni istehlakçılar gedib onu kənardan gətirməzdi. Deməli, idxal daha sərfəlidir ki, sementi kənardan gətirirlər. Yəni qiymət və keyfiyyət baxımından sərfəli olduğundan idxala üstünlük verilir. Ona görə də yerli istehsalda yaşanan bu qeyri-müəyyənlik araşdırılmalıdır. Eyni zamanda bundan ciddi nəticə çıxarılmalıdır. Çünki sement istehsalı ilə bağlı potensialımız kifayət qədər böyükdür. Bütün hallarda, sement idxalının artması xoşagələn tendensiya deyil”.
Vidadi ORDAHALLI