ABŞ-ın “Stratfor” kəşfiyyat-analitik şirkəti Azərbaycanın “Qarabağ” futbol klubunun Çempionlar Liqasının qrup mərhələsində çıxışı barədə yazı hazırlayıb.
Məqalədə Çempionlar Liqasının gözəlliklərindən biri kimi ən zəif milli çempionatlara malik ölkələrin belə komandalarının qrup mərhələsinə çıxaraq oynamaq imkanını qazanması göstərilib.
“Bəzənsə Çempionlar Liqasında elə komandalar peyda olur ki, ən çılğın futbol fanatları belə həmin klubun haradan gəldiyini anlamır. Bu il ÇL-da iştirak etmək imkanı qazanan Azərbaycan çempionu “Qarabağ” da həmin klublardandır. Sentyabrın 27-də “Qarabağ” öz meydanında əfsanəvi “Roma”nı qəbul edib. 1:2 hesablı məğlubiyyətlə üzləşən 10 milyonluq ölkənin komandası doğma meydanda az qala uğura imza atacaqdı. Diqqətçəkən məqam isə klubun qeyri-adi tarixidir. Bu həm də müasir idmanın təşviqat gücünün bariz nümunəsi olduğunun göstəricisidir”.
Məqalədə daha sonra “Qarabağ”ın azərbaycanlı azarkeşlərə yaxşı tanış olan tarixini və Dağlıq Qarabağ ətrafında baş verən hadisələri, Ağdamın işğal edilməsi qeyd olunur.
“Klubun dirçəlməsi 2001-ci ilə təsadüf edir. Klubun sposoru “Azərsun”dur. Komandanın Çempionlar Liqasının qrup mərhələsini keçməsinə çox az ümid olsa da, turnirdə iştirakını həm də Azərbaycan hökumətinin böyük qələbəsi kimi qiymətləndirmək olar. Hazırda milyonlarla azarkeş Çempionlar Liqasını izləyərək, Qarabağı Ermənistanla deyil, məhz Azərbaycanla əlaqələndirirlər. Ermənilərin məyusluğu anlaşılandır: Ermənistanın milli çempionatı Azərbaycandakına nisbətən çox kasıbdır. Regionun tanınmamış statusu isə onun komandalarına UEFA yarışlarında iştirak etməyə imkan vermir” - “Stratfor” yazır.