Mart ayının 3-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Respublika Velotrekində 5 mart - Bədən tərbiyəsi və idman gününə həsr olunmuş tədbir keçirilib.
Nəsimi RİH-dən baki-xeber.com-a verilən məlumata görə, tədbirdə rayonun tam orta məktəblərində təhsil alan idmanla məşğul olan, Dünya, Avropa yarışlarında, Respublika və Bakı şəhər Çempionatlarında qalib olmuş məktəblilər iştirak edib. Azərbaycan Velosiped Federasiyasının velosipedçilərinin bayraqlarla yürüşü ilə start götürən idman bayramında Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək, ölkə idmançılarının builki bayramı Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illiyi barədə sərəncamının doğurduğu böyük sevinc hissi ilə qeyd etdiklərini bildirib. Asif Əsgərov qeyd edib ki, dövlət başçısının 4 mart 2005-ci il tarixli sərəncamı ilə Azərbaycanda hər il martın 5-də Bədən Tərbiyəsi və İdman Gününün qeyd olunması təsadüfi deyil. 1995-ci ilin məhz həmin günündə ümummilli lider Heydər Əliyevin Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşməsi və İdman Fondunu təsis etməsi Azərbaycanda layiqli ənənələri olan bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. O deyib ki, İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. 2012-ci il isə dövlət başçısının sərəncamı ilə “İdman ili” elan olunub. Ötən il ölkəmiz “Bakı-2015” birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Hazırda IV İslam Həmrəyliyi Oyunlarına son hazırlıq işləri görülür. 2020-ci ildə isə Azərbaycan futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi edəcək.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən idman bayramında müxtəlif idman növləri üzrə idmançıların nümunəvi çıxışları və məktəblilərin hazırladıqları flaşmob tamaşaçıların alqışları ilə qarşılanıb. Tədbir konsertlə davam edib.