25/01/2020 21:39
728 x 90

Azərbaycanda 650 min ədəd ağac əkmə kampaniyasının beynəlxalq rezonansı da böyük oldu

Rəsul Cahangirli: “Azərbaycan belə təşəbbüslərlə çıxış etməklə beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəldir”

img

“Bunun nə qədər vacib bir məsələ olduğunu dünyaya göstərdi”

Azərbaycanda ağacəkmə aksiyası digər ölkələr üçün nümunə olmalıdır. Bunu amerikalı ekspert Piter Teys İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü şərh edərkən deyib. O bildirib ki, bu təşəbbüs Azərbaycan hökumətinin strateji baxışını reallaşdıran alicənab addımdır: “Bu təşəbbüs BMT-nin ətraf mühit sahəsindəki hədəflərinin və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına Azərbaycan hökumətinin verdiyi unikal töhfədir. Azərbaycan meşə bərpası kampaniyası üzrə adambaşı verilən töhfəyə və ətraf mühitin mühafizəsi siyasətinə görə Avropa və Asiya ölkələri arasında mühüm yer tutur”. P.Teys onu da qeyd edib ki, Avropa İttifaqının ən inkişaf etmiş ölkələrində belə bu cür irimiqyaslı təşəbbüslər həyata keçirilmir: “Azərbaycan ətraf mühitin və meşə ehtiyatlarının mühafizəsinə çoxlu töhfə verən ölkədir və digər inkişaf etmiş ölkələr də bu nümunəyə əməl etməlidir”.

Görünən odur ki, Azərbaycanda həyata keçirilən ağacəkmə aksiyasının beynəlxalq rezonansı da böyük oldu. Bunun nəticəsidir ki, sözüedən kampaniya xarici ekspertlərin də diqqətini çəkib. Avropa İttifaqının ən inkişaf etmiş ölkələrində belə bu cür irimiqyaslı təşəbbüslər həyata keçirilmədiyi halda, Azərbaycanda bu yöndə genişmiqyası işlərin görülməsi mühüm hadisədir. Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Azərbaycan həqiqətən də çox nəcib bir aksiyaya start verib: “Çünki budəfəki ağacəkmə aksiyası kifayət qədər geniş miqyası əhatə edir. Söhbət 650 min ağacın əkilməsindən gedir. Bunun ekoloji mühütün yaxşılaşmasında, onun qorunmasında necə vacib rol oynayacağını təsəvvür etmək çətin deyil. Müasir dövrdə ekologiya ilə bağlı problemlər getdikcə özünü daha çox göstərir. Dünyada meşələrin sahəsi ilbəil azalır, atmosferə atılan tullantıların həcmi artır. Bir sıra beynəlxalq təşkilatların bununla bağlı həyəcan təbili çalmasına baxmayaraq, böyük sənaye dövlətləri ekologiyanın qorunmasına vəsait ayırmaqda elə də maraqlı deyil. Halbuki bu, qlobal miqyaslı bir məsələdir. Ancaq Azərbaycan belə təşəbbüslərlə çıxış etməklə beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəldir. O baxımdan həqiqətən də Azərbaycan nümunəvi bir addım atdı. Bunun nə qədər vacib bir məsələ olduğunu dünyaya göstərdi. Görünən odur ki, Azərbaycanın bu təşəbbüsü dünyada maraqla qarşılanıb”.

Vidadi ORDAHALLI

Son xəbərlər