07/08/2020 01:50
728 x 90

Bakıda erməniləri reklam etdirən qrup haqda maraqlı fakt ortaya çıxdı- təxribata gürcüstanlı soydaşlarımızın bir neçə səbatsız nümayəndəsi cəlb edilib

Kamran Ramazanlı: “İnanmıram ki, cəmiyyətdə az-çox mövqeyi, savadı olan adam belə əməl tutsun”

img

Noyabr ayının əvvəlində sosial şəbəkələrdə "Ermənilər Bakıda" başlığı ilə videgörüntü yayılmışdı. Dünən telekanalların təqdim etdiyi reportajda Azərbaycana qarşı həqarətli sözlərin yer aldığı videonu çəkən həmin şəxslərin kimliyi açıqlanıb. Reportajdan məlum olub ki, sözügedən videonu çəkib yayanlar Gürcüstan vətəndaşı olan azərbaycanlılar imiş. Gürcüstanda yaşayan soydaşlarımızın belə təxribatçı layihələrdə yer almaları nəyin nəticəsi ola bilər?

Əslən Borçalıdan olan “Soydaş” İctimai Birliyinin sədri Kamran Ramazanlı həmyerlilərinin adının belə işlərdə hallanmasından dərin təəssüf hissi keçirdiyini bildirdi: “Baş verən hadisəni birmənalı olaraq pisləyirik. Əlbəttə, doğru hərəkət deyil. Amma bunun səbəblərinə də aydınlıq gətirməliyik. Əslən Borçalıdan olan, ordakı vəziyyətə yaxından bələd olan şəxs kimi deyə bilərəm ki, bunun bir səbəbi də maarifləndirmə işlərinin zəif olması ilə əlaqəlidir. Bilirsiniz ki, Gürcüstanda xeyli sayda ermənilər də yaşayır. Ola bilsin ki, Gürcüstan vətəndaşı olan soydaşlarımızın oranın vətəndaşı sayılan ermənilərlə sıx münasibətləri var. Bu fonda bəzi soydaşlarımız təsir altına da düşə bilərlər. Buna görə də ciddi maarifləndirici tədbirlər görülməlidir ki, həmin adamlar lazımsız təsirlərin altına düşməsinlər. Bu gün Gürcüstandakı məktəblərdə Azərbaycanın tarixi və coğrafiyası tədris edilmir. Millətin tarixi tədris olunmursa, müəyyən sayda insanlarda dərin bilgisizlik yaranır. Ola bilsin ki, mahnıya qulaq asan insanlar tam savadsız adamlardı. Etdikləri hərəkətin məsuliyyətini dərk etməyiblər. İnanmıram ki, cəmiyyətdə az-çox mövqeyi, savadı olan adam belə əməl tutsun. Başqa bir versiyam isə bundan ibarətdir ki, həmin adamlardan bilərəkdən, təxribat məqsədilə istifadə ediblər. Orda ermənilərlə yaxın qohumluq əlaqələri olan soydaşlarımız da az deyil. SSRİ dönəmində bu adi hal idi. Belə adamlardan təxribat məqsədilə də istifadə edə bilərlər. Bunun dəqiq araşdırması ilə əlaqədar qurumlar məşğul olmalıdır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər