19/11/2019 16:26
728 x 90

Paşinyanların eyforiya dövrü bitdi... İndi “oyuncaqları” bir-bir qaytarmaq vaxtıdır...

img

İlyarımlıq hakimiyyəti erməniləri gün keçdikcə daha çox məyus edən Paşinyanın ölkədə narazılığın dərinləşməməsi üçün bir sıra çabalar göstərdiyi bəllidir. Lakin o da bəllidir ki, göstərdiyi çabalar bir çox hallarda onun özünə qarşı çevrilir və o üzdən erməni baş nazir eyforiya dövründə özünə və xanımına yaratdığı komfort şəraitlərindən geri çəkilməli olur.

Paşinyanın geriyə addığı addımlardan biri də bu yaxınlarda arvadı Anna Akopyanın bütün xarici səfərlərə özü ilə götürdüyü stilisti, sənədlərdə Paşinyanın köməkçisi kimi təqdim edilən, facebookda Xudoyan soyadı ilə fəaliyyət göstərən Sofya Navasardyanı işdən çıxarması olub. Ermənistanın “Hraparak” qəzeti yazır ki, birinci xanımın dəlləyi hərdən Paşinyanın özünə də xidmət göstərirdi. Lakin hakim ailənin hər yerə özü ilə götürdüyü bu dəlləyin yerli medianın “radarına” düşməsi onun karyerasının sonunu gətirib və bu zaman onun formal şəkildə baş nazirin köməkçisi kimi təqdim olunması da işə yaramayıb. Qəzet yazır ki, bu günlərdə Sofyanın çox kobud şəkildə işdən çıxarılması ilə bağlı xəbər əldə ediblər. Xəbər verən mənbə bildirib ki, hakim ailə son zamanlar onun işindən razı qalmayıb, belə ki, onların geyim tərzi periodik olaraq müzakirə predmetinə çevrilib və o üzdən Paşinyanlar onu başqa stilistlə əvəzləyib.

İnformasiyanı dəqiqlşdirmək üçün “Hraparak” Anna Akopyanın mətbuat sözçüsü ilə əlaqə saxlayıb. Buradan qəzetə bildirilib ki, Sofya dəllək işindən avqust ayında öz istəyi (!) üzrə ayrılıb, məqsədi isə özünün salonunu açmaq olub. Mətbuat sözçüsü onu da deyib ki, baş nazirin dəlləyi hökumətin protokol şöbəsində qeydiyyatdadır, o üzdən qəzet əlavə məlumatı yalnız həmin şöbədən ala bilər. Qəzet yazır ki, bu sadə suala cavab almaq üçün onlardan yazılı sorğu istəyiblər və indi qəzet həmin sorğusuna cavab gözləyir...

Hakimiyyətə meydandan “sıçrayışı” çox sürətlə baş tutan Paşinyan ilkin dövrdə hər istəyinə və arvadının kaprizlərinə də belə asanlıqla nail olacağına çox inanmışdı, lakin verilən vədləri yerinə yetirməməyin bir də cavabdehlik mərhələsi olur. O mərhələ gəldikdə, qamarladığı bütün “oyuncaqları” bir-bir qurban vermək çox ağrılı işdir yəqin. Yəni Sofya da bir başlanğıcdır...

SAMİRƏ

 

Son xəbərlər