İran bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) nüvə zənginləşdirilməsi prosesinə başlaması ilə bağlı məlumatlandırmağa hazırlaşır.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə İslam respublikasının Atom enerjisi üzrə təşkilatının rəsmisi Bəhruz Kamalvəndi bəyan edib. Onun sözlərinə görə, MAQATE-yə göndərəcəyi məktubda Tehran sözügedən təşkilatı nüvə zənginləşdirilməsilə bağlı prosesin başlandığı barədə məlumatlandıracaq. Kamalvəndi onu da deyib ki, ölkəsinin bu proses üçün lazım olan sentrifuqaların istehsalını sürətləndirmək imkanı var.
Xatırladaq ki, daha öncə İranın Ali dini lideri Əli Xamneyi, beynəlxalq nüvə anlaşmasına son veriləcəyi təqdirdə, nüvə zənginləşdirilməsi prosesinə hazır olmaq göstərişi vermişdi. Sözügedən anlaşma isə İranla 6 aparıcı dünya ölkəsi – Britaniya, Almaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında 2015-ci ildə başlanmış, 2016-cı ilin yanvarından onun həyata keçirilməsinə başlanmışdı. Bu ilin 8 may tarixində ABŞ prezidenti Donald Tramp Vaşinqtonun birtərəfli qaydada anlaşmadan çıxdığını bəyan edib.