"BMT Fələstinlə bağlı üzərinə düşən işi görmür"
"Dünyanın super gücləri Dağlıq Qarabağ probleminin həllində maraqlı deyil". APA-nın xəbərinə görə, bunu İSESCO baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib.
Onun sözlərinə görə, BMT tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnamə qəbul edilsə də, heç birinə əməl edilmir: "Qətnamələrdə də qeyd edilib ki, təcavüzkar Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmalıdır. Dağlıq Qarabağ münaqişəsi İSESCO-nun gündəliyində duran ən mühüm məsələlərdən biridir. Həm İSESCO, həm də bütün müsəlman dövlətləri Azərbaycanın bu məsələdə haqlı mövqeyini dəstəkləyir. Çalışacağıq ki, bu problemi hər zaman bütün üzv dövlətlərin diqqətinə çatdıraq və gələcəkdə sammit çərçivəsində müzakirəyə çıxaraq. Artıq vaxtıdır".
İslam dünyasının hazırda ağır çətinliklərlə üzləşdiyini deyən Əbdüləziz bin Osman əl-Tüveycri deyib ki, bütün bu çətinlikləri aşmaq üçün İslam dünyası birgə çalışmalıdır: "Bölgəmizdəki bu ağır vəziyyətin əsas səbəbi odur ki, dünyanın super gücləri ədalətsizliyə yol verir və beynəlxalq hüququ təmin etmir. Bəzi hallarda problemin həllinə çalışmaqdansa, gərginliyi daha da artırırlar. BMT Təhlükəsizlik Şurası istənilən bölgədə sülh və təhlükəsizliyi təmin etmirsə, vəzifəsini layiqli şəkildə icra etmirsə, digər qurumlardan nə gözləyə bilərik?!"
"Yarım əsrdir Fələstin problemi həllini tapmır. BMT bununla bağlı üzərinə düşən işi görmür". Bunu da İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib.
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair bəyanatını xatırladan baş direktor bildirib ki, bu qərar Fələstin xalqını yox saymaqdır: "Dünən BMT Baş Assambleyasında ABŞ-ın bu qərarının əleyhinə qətnamə qəbul edildi. Ancaq Tramp həmin sənədin lehinə səs verən ölkələri hədələyib ki, onlara daha yardım etməyəcək. Bu, yaşadığımız dünyanın reallığıdır".
Baş direktor son olaraq qeyd edib ki, islam dünyası problemin həlli üçün birgə çalışmaqdan boyun qaçırmamalıdır: "Dünyanın güclü səsi olmaq üçün bütün imkanlarımızı səfərbər etməliyik" .