Ermənistanın regiondakı bütün irimiqyaslı layihələr kimi Bakı-Tiflis-Qarsdan da kənarda qalması bu ölkədə hakimiyyətdən narazılığı bir qədər də artırıb. Bu ümumi narazılığın fonunda isə Gürcüstan etməniləri BTQ-nin reallaşmasında “özlərinin böyük rolunu” qabartmağa başlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Cavaxetiya erməni icmasının fəalı Vaaqn Çaxalyan tert.am saytına danışıb. O deyib ki, guya Ermənistanın əvvəlki hökuməti Bakı-Tiflis-Qarsın çəkilişinə hələ 2006-cı ildə dəstək verib. Çaxalyanın sözlərinə görə, həmin dövrdə Cavaxetiya erməniləri Qars-Axalkalaki dəmir yolunun istismarına qarşı çıxıb, hətta sonradan BTQ-nin Cavaxetiya ərazisindən keçməsi üçün özlərinə məxsus əraziləri satmaqdan imtina ediblər, lakin həmin ərazilər onlardan zor gücünə alınıb. Bütün bunlardan sonra Ermənistanın bu tranzit magistralından kənarda qalmasını doğru hesab etməyən Çaxalyanın fikrincə, erməni yüklərinin bu dəmiryolu vasitəsilə göndərilməsini əngəlləyə biləcək qanun yoxdur, üstəlik, ermənilərin bu marşrutla sərnişin qismində Qazaxıstana, Çinə getməsinə də öz hakimiyyətləri yardımçı olmalıdır.