Ermənistanda bugünkü demoqrafik vəziyyət barədə həyəcansız danışmaq mümkün deyil.
Baki-xeber.com-un “armtimes”a istinadən xəbərinə görə, bu barədə Milli statistika xidmətinin ölkədəki demoqrafik vəziyyətlə bağlı 9 ayın yekunlarını açıqlamasından sonra yazılan məqalədə deyilir. Bildirilir ki, əhalinin say tərkibinin qarşısıalınmaz şəkildə azalması Ermənistanın gələcəyini ciddi sual altında qoyur. Eyni zamanda əhalinin sürətlə azalmasının bu ilin doğum faizində də özünü ciddi şəkildə göstərdiyi, bu rəqəmin son 10 ilin antirekord göstəricisini ortaya qoyduğu bildirilir. Məqalədə qeyd olunur ki, bu mövzuda artımdan söhbət gedirsə, bu yalnız əhalinin ölüm statistikasında nəzərə çarpır.
Beləliklə, doğum faizinin azalması ilə paralel olaraq ölüm faizinin çoxalması, üstəlik ölkədən gedənlərin sayının hər keçən gün artması işğalçı ölkənin gələcəyini qeyri-müəyyən edib. Məqalədə qeyd olunur ki, bu fonda Serj Sarkisyanın ölkə əhalisinin sayının 4-4,5 milyona çatdırılması ilə bağlı proqramı artıq ironiya hədəfinə çevrilməkdədir. Üstəlik ona diqqət yetirilir ki, vəziyyətin bu həddə çatmasına elə Sarkisyanın idarəçiliyi dövründə “nail olunub”.