"Kəşmirdə dövlət terrorizmi baş verir"
Pakistan həmişəki kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində dəstək göstərməyə hazırdır. Trend-in məlumatına görə, bunu “Kəşmirin qara günü” adlı konfransda Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.
Diplomat deyib: "Biz artıq 25 ildir ki, Azərbaycanla uğurla əməkdaşlıq edirik. Ölkələr arasında ticarətdə, eləcə də müdafiə sahəsində ikitərəfli münasibətlər möhkəmlənir".
Səfir qeyd edib ki, Pakistan dəfələrlə Dağlıq Qarabağ ərazilərini işğal olunmuş, Xocalı hadisələrini soyqırım kimi tanıyıb: “Biz Kəşmir məsələsində Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk və Qarabağ məsələsində bu cür dəstəyi göstərməyə hazırıq”.
"Yetmiş il əvvəl Hindistan ordusu Kəşmirin işğalına başlayıb. Kəşmirlə bağlı qəbul edilmiş BMT qətnamələrinə baxmayaraq, bu gün də işğal davam etdirilir". APA-nın xəbərinə görə, bunu da Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand deyib. O bildirib ki, 1947-ci ildə baş vermiş bu hadisə ilə əlaqədar hər il Pakistanda 27 oktyabr "qara gün" kimi qeyd edilir.
Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat Azərbaycanın Pakistanla eyni faciəni yaşadığını söyləyib: "Buna görə, Azərbaycan Pakistanı daha yaxşı başa düşür. Eyni insan faciəsinin şahidi olmuşuq".
S. Xan Mohmand vurğulayıb ki, Kəşmirdə törədilən hadisələr insan hüquqlarının pozulmasıdır: "Kəşmirdə hazırda böyük dövlət terrorizmi baş verir. Ötən ilin iyun ayından bu ilin sentyabr ayına qədər 460 nəfər öldürülüb, 20 mindən çox insan yaralanıb".
Səfirin sözlərinə görə, Hindistan BMT qətnamələrinə hörmətlə yanaşmalı və bu məsələnin həllinə çalışmalıdır.
Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistanın Azərbaycanın yanında olduğunu deyən səfir bildirib ki, Pakistan Ermənistanı rəsmi dövlət kimi tanımır: "Düşünürəm ki, bu münaqişənin həllində ATƏT-in Minsk qrup həmsədrləri aktivlik göstərməlidir".