Türkiyədə Azərbaycan universiteti yaradıla bilər. Türkiyənin Azərbaycandakı təhsil müşaviri Abdülqafur Böyükfırat APA-nın sualına cavab olaraq bildirib ki, Azərbaycanın rəsmi dairələri tərəfindən Türkiyədə universitet yaradılması təşəbbüsü irəli sürülüb.
Onun sözlərinə görə, bununla bağlı danışıqlar aparılır: "İnanırıq ki, Türkiyədə Azərbaycan universitetinin yaradılması məsələsi gerçəkləşəcək. Türkiyədə yeni yaradılan Maarif Vaqfı vasitəsilə isə Azərbaycanda Türkiyə universitetinin qurulması mümkündür. Azərbaycan ali məktəblərində türk tələbələrə yüksək səviyyədə təhsil verilir. Bunun nəticəsində son illər türk tələbələrin Azərbaycana ciddi axını başlayıb”.
Azərbaycanla Türkiyə arasında təhsil əlaqələrinin yüksək səviyyədə olduğunu deyən müşavir, hazırda 15 min azərbaycanlı tələbənin Türkiyədə təhsildığını qeyd edib: “Bu çox ciddi rəqəmdir. Türkiyədə oxuyan əcnəbi tələbələrin arasında azərbaycanlı gənclər ilk sıradadır”.
Təhsil müşaviri qeyd edib ki, Azərbaycanda isə Türkiyədən 3 min tələbə təhsil alır: “Hər iki ölkə tələbələrinin təhsil aldıqları sahələr fərqlidir. Azərbaycandan Türkiyəyə gedən tələbələr memarlıq, tibb, mühəndislik, iqtisadiyyat və turizm sahələrində təhsil almağa maraq göstərir. Bu sahələrə bir neçə ildə də tələbələrin marağı artıb. Türkiyədən Azərbaycana gələn tələbələr isə əsasən, tibb sahələri üzrə təhsil almağa üstünlük verir. Bundan başqa, pedaqoji, psixoloji, memarlıq, inşaat və digər sahələrdə də təhsil alan tələbələrimiz var”.