Bakı-Axalkalaki-Qars dəmiryolu, təqdim etməyə çalışdıqları kimi, Ermənistana deyil, Rusiyaya qarşı yönəlib.
Baki-xeber.com-un xəbərinə görə, bu fikir erməni mətbuatında yer alıb. Məsələ burasındadır ki, Ermənistan bu masştablı layihədən kənarda qalmasına çox ağrılı yanaşır və o üzdən dəmiryolunun açılışı ərəfəsində mətbuatında hər vasitə ilə bu beynəlxalq layihəyə kölgə salmağa çalışır. Hazırda isə düşmən ölkənin mətbuatı diqqəti ona yönəldir ki, Rusiya, Gürcüstanla diplomatik münasibətləri gərgin olduğundan, Bakı-Axalkalaki-Qars dəmiryolunun imkanlarından yararlana bilməyəcək və o üzdən də layihənin əslində Moskvaya qarşı addım olduğunu iddia edir.
Ermənistanın özünə gəldikdə isə, işğalçı siyasəti üzündən o, bu üçtərəfli layihənin bir deyil, iki ölkəsilə problem yaşayır və Qarabağı qaytarmadan, onun nə Azərbaycan, nə də Türkiyənin olduğu layihələrdə yerinin olmadığını yaxşı anlayır.