Azərbaycan Respublikası “Polisə Dəstək” İctimai Birliyi 25 oktyabr 2017-ci il tarixdə idarə heyətinin növbəti iclasında bəyanat qəbul edib. Bəyanatda deyilir: “Son zamanlar ağır və xüsusilə ağır cinayətlərə görə ittihan olunan “oğru aləminin nüfuzlu şəxslərinin”, kriminal avtoritetlərin təbliğinin eskalasiyası cəmiyyətin narahatlığına səbəb olub.
Cəzasını çəkib azadlığa buraxılan belə subyektlərin azadlıqdakı addımları, getdiyi yerlər, “nüfuzlu kriminalların” müxtəlif profilli şəkillərinin saytların və qəzetlərin manşetlərində, xüsusi rubrikalarda və xüsusi şriftlərlə yer alması, onların yersiz və ictimai xadim səviyyəsində təbliği cəmiyyət üçün yaxşı heç nə vəd etmir. Belə hallar cəmiyyətin müəyyən təbəqəsinin cinayətkarlığa meylini gücləndirir, onlarda kriminallara oxşamaq həvəsi ərsəyə gətirir. Son nəticədə gənc nəslin müasir dünyanın kriteriyalarına uyğun inkişafına, patriotizm ruhunda tərbiyə və milli ideologiyanın aşılanması işinə ciddi ziyan vurulur. Saytlarda kriminallar haqqında müxtəlif məzmunlu məqalələrin yer alması ictimai münasibətlərə zidd əməllərin təbliği sabitliyin pozulmasına çağırışın başqa cür təzahürüdür. Belə qənaət hasil olur ki, cinayətkar aləmin KİV-də havadarları var...və s.
“Polisə Dəstək” İctimai Birliyi bəyan edir ki, dövlətin cinayətkarılıqla mübarizə siyasətinə dəstək məqsədilə belə mətbu nəşrlərin və elektron saytların məsul şəxsləri ictimai qınağa məruz qalmalı, cəmiyyət üçün arzuolunmaz subyektlərə xas təbliğat xarakterli məlumatları yaymamağı tövsiyə etməklə məzəmmət olunmalıdır”.
Xəbər xidməti