GUAM-a üzv olan ölkələrin (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) hökumət rəhbərləri Azad ticarət üzrə tərəflərin hərəkətlərini koordinasiya edən işçi qrupunun yaradılması ilə bağlı protokol imzalayıblar.
Həmçinin, GUAM ölkələrinin dövlət sərhədindən keçiriləcək müəyyən növ məhsul və nəqliyyat vasitələrinə gömrük prosedurlarının tanınması haqqında protokol imzalayıblar. "APA-Economics" "Unian" agentliyinə istinadən xəbər verir ki, müvafiq protokollar Kiyevdə keçirilən GUAM sammitində imzalanıb.
Ukraynanın baş naziri Vladimir Qroysmanın sözlərinə görə, təşkilata üzv olan ölkələr arasında azad iqtisadi zonanın yaradılması istiqamətində aparılan işlər gömrük prosedurlarının sadələşdirilməsini tələb edir: "Biz bu gün gömrük orqanları arasında əməkdaşlığımızı dərinləşdirəcək sənədi imzaladıq. Təbii ki, biz azad ticarət zonasından danışarkən gömrük orqanlarının keyfiyyətli işinin qurulmasını qeyd etməliyik".
V.Qroysman əlavə edib ki, GUAM ölkələri arasında azad ticarət zonası 2017-ci ildə fəaliyyətə başlaya bilər.
"Üzv ölkələrin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın potensialından fəal istifadə olunmalıdır". Bunu isə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili deyib. O bildirib ki, müasir zamanın qlobal və regional çağırışları GUAM çərçivəsində və beynəlxalq arenada əməkdaşlığı möhkəmləndirməyi zəruri edir: "GUAM üzv ölkələri üçün ərazi bütövlüyü məsələsi ortaq çağırış və ən ağrılı problemlərdən biridir. Regionda həllini tapmayan problemlər üzv ölkələrin siyasi, iqtisadi və sosial inkişafına maneçilik törədir”.
Gürcüstan baş nazirinin sözlərinə görə, üzv ölkələrin suverenliyi və ərazi bütövlüyünə qəsd faktlarına adekvat reaksiya və beynəlxalq dəstək almaq məqsədilə GUAM-ın potensialından fəal istifadə olunmalıdır.
“Biz GUAM ölkələri ərazisində davam edən münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllinə cəhd etdiyimizi təsdiqləyirik”. Bu barədə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) hökumət başçıları səviyyəsində Kiyevdə keçirilən zirvə toplantısının yekunlarına dair qəbul olunan bəyanatda deyilir.
Bəyanatda bildirilir ki, dövlətlərin ərazisi güc təhdidi və ya gücdən istifadə nəticəsində digər dövlət tərəfindən ələ keçirilə bilməz: “Bu cür fəaliyyətlərin nəticəsindəki hərbi işğal və ya ilhaq qanuni sayıla bilməz“.