Qlobal Bakı Forumu - dünyada baş verən mühüm proseslərdə vacib platforma...
Bakı Qlobal Forumu artıq ənənə halını alıb və hər il daha böyük uğurlar əldə edir. Bunu Latviyanın keçmiş Prezidenti Valdis Zatlers jurnalistlərə deyib.
O qeyd edib ki, Forumda dünyanın bir çox ölkələrinin keçmiş və indiki dövlət və hökumət başçıları, nüfuzlu siyasətçilər iştirak edir: "Qlobal forum dünyada baş verən hadisələr, qlobal inkişaf və digər mühüm proseslərlə bağlı fikirlərin formalaşdırılması üçün mühüm bir platformaya çevrilib. İnsanlar burada öz fikirlərini, baxışlarını və təcrübələrini bölüşür. Düzdür, qlobal proseslərlə bağlı fikirlər formalaşdırmaq o qədər asan iş deyil, lakin biz öz işimizdən yorulmuruq və inanırıq ki, hər il bu istiqamətdə daha böyük uğurlar əldə edəcəyik".
Forum çox sayda siyasətçini bir arada görmək üçün gözəl fürsətdir
V Qlobal Bakı Forumu sabiq və hazırkı liderlərin qlobal problemləri müzakirə etmək üçün toplaşdığı çox vacib bir formatdır. Bunu isə forumun işində iştirak edən Bolqarıstanın sabiq prezidenti Pyotr Stoyanov deyib. Sabiq prezident bildirib ki, bu format bu qədər çox sayda siyasətçini bir arada görməyə və müxtəlif baxışları bölüşməyə imkan verən gözəl fürsətdir.
P.Stoyanov qeyd edib: "Azərbaycan müxtəlif millətlərin və dinlərin bir arada yaşadığı yerdir, ona görə Bakı belə bir forumun keçirilməsi üçün doğru yerdir".
O əlavə edib ki, Azərbaycan və Bolqarıstan arasında daim inkişafda olan gözəl münasibətlər var.
Müasir çağırışları səmimi ab-havada müzakirə etməyə imkan verəcək məkan...
V Qlobal Bakı Forumunun əsas müzakirə mövzusu beynəlxalq gündəlikdə qüvvələr balansıdır. Madrid Klubunun prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa forumun açılışında belə deyib.
Həmsədr bildirib ki, Qlobal Bakı Forumu müasir çağırışları səmimi və xeyirxah ab-havada müzakirə etməyə imkan verəcək.
V.Vike-Freyberqa qeyd edib ki, Azərbaycanın regionda uğurlu geostrateji planlaşdırma tarixinə, enerji resurslarına və yeni nəqliyyat layihələrinə malik olması ölkəyə öz baxış və ənənələrini saxlamaqda kömək edir.
Siyasi problemləri aradan qaldırmaq təcrübəsi olan şəxslərin bir yerə toplaşması vacibdir
V Qlobal Bakı Forumu çox mühüm görüş formatıdır, xüsusən sabaha az güvən olduğu, qeyri-sabit bugünkü dünyada. Aİ-nin Cənubi Qafqazda sabiq xüsusi nümayəndəsi, İsveçrənin Əfqanıstandakı səfiri Piter Semnebinin sözlərinə görə, siyasi problemləri aradan qaldırmaq təcrübəsi olan şəxslərin bir yerə toplaşaraq bügünkü dünyanın problemləri barədə düşünməsi çox vacibdir.
Diplomat deyib: "Bakıya ilk səfərim 1998-ci ildə olub. Mən görürəm şəhər necə inkişaf edib və bu inkişaf necə sürətlə gedir. Xüsusən son 10 ildə sürətli inkişaf olub".
Azərbaycan - Monteneqro iqtisadi əməkdaşlığı uğurla inkişaf edir...
Azərbaycan və Monteneqro müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı uğurla inkişaf etdirir. V Qlobal Bakı Forumunda iştirak edən Monteneqro Prezidenti Filip Vuyanoviç belə deyib.
Onun sözlərinə görə, Azərbaycanla münasibətlərin inkişafı turizm və kənd təsərrüfatı, eləcə də digər sahələrdə qeydə alınır.
F.Vuyanoviç deyib ki, hər iki ölkənin şirkətləri və biznes-dairələri bir-birilə uğurla əməkdaşlıq edir.
Bakı Forumu böyük uğurlar əldə edib
V Qlobal Bakı Forumu dünyanın bir çox ölkələrindən müxtəlif fikirli insanların bir araya gəlib təcrübə və fikir mübadilələri aparmaları, təcrübələrini bölüşmələri üçün çox əlverişli bir platformadır. Forumda iştirak edən almaniyalı politoloq Tilo Staynbax belə deyib.
Bakı Qlobal Forumunda artıq üçüncü dəfə iştirak etdiyini vurğulayan almaniyalı politoloq bildirib ki, forum ilk başlayandan indiyənə qədər böyük uğurlar əldə edib: "Forumda bir çox ölkələrdən müxtəlif sahələri təmsil edən insanlar, o cümlədən keçmiş və indiki dövlət başçıları, siyasətçilər, ekspertlər iştirak edir. Forum başlayandan indiyə qədər öz işini uğurla davam etdirib və inanıram ki, bundan sonra da uğurla davam edəcək".
İordaniya Senatının sədri BMT TŞ-nin Qarabağ qətnamələrinin icrasına çağırdı
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr icra olunmalıdır. Bu sözləri "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan V Qlobal Bakı Forumu çərçivəsində İordaniya Senatının sədri Faisal əl-Fayez deyib.
Senat rəhbəri Qlobal Bakı Forumunun mühüm əhəmiyyətə malik olduğunu bildirib: "Bu gün dünyada, o cümlədən Yaxın Şərqdə, Suriyada, İraqda bir çox problemlər mövcuddur və bu böhranların həlli yolları tapılmalı və dünya daha gözəl olmalıdır. Bu baxımdan Qlobal Bakı Forumu mühüm əhəmiyyətə malikdir. Bu gün biz burada müxtəlif ölkələrin prezidentlərini dinlədik, onlar mövcud böhranların həlli yolları ilə bağlı fikirlərini söylədilər. Bu problemlər bütün dünyanı narahat edir".
Əl-Fayez qeyd edib ki, Azərbaycan ərazilərinin bir hissəsi işğal edilib və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir.
Səudiyyə şahzadəsi Bakı Forumunu vacib məsələlərin müzakirəsi üçün çox ümidverici məkan adlandırdı
"Müxtəlif ölkələrdən liderlər, siyasətçilər dünya üçün vacib olan məsələlərin müzakirə edilməsi üçün bu foruma qatılıb. Artıq 5 ildir davam edən Qlobal Bakı Forumu çox ümidverici bir məkandır"- deyən Səudiyyə Ərəbistanı şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal bildirib ki, burada insanlar bir araya gəlir, dialoq aparırlar: "Mən üçüncü dəfədir Bakıya gəlirəm. Bakı çox gözəl şəhərdir. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr sadəcə bəyan edilməməlidir, yerinə yetirilməlidir".
Qlobal Bakı Forumu müxtəlif insanlar arasında dialoqa və əməkdaşlığa yardım edir...
Müasir dövr beynəlxalq ictimaiyyət qarşısında dayanan vacib və təxirəsalınmaz məsələlər barədə düşünməyə vadar edir. Bu fikir isə İtaliya Prezidenti Sercio Mattarellanın V Qlobal Bakı Forumunun açılışında İtaliyanın Bakıdakı səfiri Campaolo Kutillo tərəfindən oxunan məktubunda yer alıb.
Məktubda qeyd olunur ki, bu məsələlər arasında vacib əhəmiyyətli prioritet mədəniyyətlərarası dialoqun təşviq olunmasıdır: "Beynəlxalq ictimaiyyətin ümumi irsinin tərkib hissəsi olmalı olan müxtəlifliyə hörmət və əsas azadlıqların müdafiəsi daimi şəkildə zorakı təzyiqə məruz qalır".
Məktubda o da bildirilir ki, Forumun keçirilməsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsləri müxtəlif insanlar, mədəniyyətlər və məzhəblər arasında dialoq və əməkdaşlıq üçün çox vacibdir.
Qlobal Bakı Forumu bütün ölkələrin qarşısında dayanan məsələləri müzakirə etməyə imkan verir
"Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusunda keçirilən V Qlobal Bakı Forumu çox maraqlıdır, çünki müxtəlif ölkələrin nümayəndələrinə təkcə region ölkələri qarşısında deyil, həm də bütün dünyanın qarşısında dayanan məsələləri müzakirə etməyə imkan verir" - deyən Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycan Prezidentinin forumun açılışındakı çıxışının əhəmiyyətini də vurğulayıb: "Mən artıq ənənəyə çevrilmiş bu forumun keçirilməsində təşəbbüsü üçün Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Mən əvvəlki forumda da iştirak etmişəm, burada təşkilatçılıq səviyyəsi çox yüksəkdir".
"Soyuq müharibə"dən sonra hamıya elə gəlirdi ki, 25 il sonra ölkələr daha sıx əməkdaşlıq edəcək"-deyən Gürcüstan Prezidenti qeyd edib ki, o zaman nikbin perspektivlərə baxmayaraq, bu baş vermədi: "Əksinə, dünya indi müharibələrlə, terrorla və insanlar arasında anlaşılmazlıqlarla üz-üzədir". G.Marqvelaşvilinin sözlərinə görə, Gürcüstan bu gün bir çox sülhməramlı missiyalarda iştirak edir və hesab edir ki, bu, ölkəni daha stabil edir: "Bu qlobal dünyada hər kəs başa düşməlidir ki, baş vermə yerindən asılı olmayaraq, istənilən hadisə hər birimizə təsir edir".
Azərbaycanın öz suveren ərazisinə nəzarət etməyə tam hüququ var
Biz hamımız sülh istəyirik. Qaydalar hər kəsə tətbiq olunanda, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət ediləndə sülh əldə etmək mümkün olur. Bunu isə Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı deyib.
R.Plevneliev bildirib ki, böyük və kiçik güclər qaydaları və sərhədlərin suverenliyini pozan zaman sülh əldə etmək mümkün olmur: "Azərbaycanın da öz ərazisi var. Azərbaycanın öz suveren ərazisinə nəzarət etməyə tam hüququ var. Azərbaycan xalqının və rəhbərliyinin ikili standartların mövcud olduğunu qeyd etməyə tam haqqı çatır. Beynəlxalq qaydalar Ermənistana tətbiq olunmalıdır və biz Ermənistanı öz ərazilərinə qayıtmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırırıq. Biz Ermənistanı beynəlxalq qanunlara hörmət etməyə çağırırıq".
Qlobal Bakı Forumu beynəlxalq məsələlərin müzakirəsi üçün vacib platformadır
Qlobal Bakı Forumu keçmiş və hazırkı prezidentlərin, hökumət başçılarının, dünyanın tanınmış siyasətçilərinin və siyasi ekspertlərin bir araya gəlməsi və mühüm əhəmiyyət kəsb edən beynəlxalq məsələlərin müzakirəsi üçün çox gözəl platformadır. "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan V Qlobal Bakı Forumunda iştirak edən Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev belə deyib. O bildirib: "Mən də bu forumda iştirak etməkdən çox şadam. Bu gün problemləri müzakirə etməli və onların həlli yollarını tapmalıyıq. Biz hamımız sülh, tolerantlıq istəyirik. Bu baxımdan qlobal forum çox vacib məkandır".
Azərbaycan və Böyük Britaniya möhkəm və səmərəli münasibətlər yaradıb
Qlobal Bakı Forumunun artıq beşinci dəfə keçirilməsi, eləcə də bu tədbirin indiki və keçmiş dünya liderlərinin yaxınlaşmasına yardım etməsi ilə əlaqədar Azərbaycanı təbrik etmək olar. Bu sözlər Böyük Britaniyanın Baş naziri Tereza Meyin V Qlobal Bakı Forumuna göndərdiyi, Böyük Britaniya və Şimali İrlandiya Krallığının Bakıdakı müvəqqəti işlər vəkili Stefan Makkormik tərəfindən oxunan məktubunda yazılıb.
Məktubda qeyd olunur ki, bu il Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur: "Bu müddət ərzində biz möhkəm və səmərəli münasibətlər qurmuşuq. Biz bir çox vacib məsələlərdə əməkdaşlığımızı möhkəmləndirməyə davam edirik".
Məktubda o da bildirilir ki, Qlobal Bakı Forumu beynəlxalq ictimaiyyəti təcrübə mübadiləsi və bəzi əsas problemlərdə razılığın əldə olunması üçün birləşdirir.
Azərbaycan - iradəli və etibarlı tərəfdaş ölkə nümunəsi...
Azərbaycanla Bolqarıstan strateji və etibarlı tərəfdaşdır. Bolqarstanın keçmiş prezidenti Rosen Plevneliev jurnalistlərə açıqlamasında belə deyib.
O qeyd edib ki, Bolqarıstan Azərbaycanın həyata keçirdiyi layihələri yüksək qiymətləndirir və dəstəkləyir: "Bolqarıstan "Cənub Qaz Dəhlizi" təşəbbüsünün bir hissəsi olmaqdan məmnundur".
Keçmiş prezident qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir: "Azərbaycan bizim təhlükəsizliyimizə töhfə verir. Biz etibarlı dostlarıq. Biz Azərbaycanın Bolqarıstan və Avropa üçün etdiklərinə görə çox minnətdarıq. Biz keçmişdə çox layihələr görmüşük. Siyasətçilər çox sözlər veriblər. Yalnız Azərbaycan öz sözünü tutur. Azərbaycan iradəli və etibarlı tərəfdaş ölkə kimi ən yaxşı nümunədir".
R.Plevneliev bildirib ki, Cənub Qaz Dəhlizi strateji cəhətdən vacib layihədir: "Biz Azərbaycandan 1 milyard kub metr qaz almaqla bağlı SOCAR-la müqavilə imzalamışıq. Bolqarıstan gələcəkdə bu layihədə iştirakını artırmaq niyyətindədir".
"Tramp yeganə ABŞ prezidentidir ki, uzunmüddətli - 8 illik planı var"
"ABŞ-da, habelə bütün dünyada şərhçilər hamısı bir ağızdan deyirdi ki, Donald Trampın heç bir planı yoxdur. Reallıqda isə biz bunun əksini görürük. Mən hökumətin məsləhətçisiyəm. Ronald Reyqanın vaxtından işləyirəm. Tramp yeganə ABŞ prezidentidir ki, uzunmüddətli - 8 illik planı var".
APA-nın xəbərinə görə, bunu ABŞ-ın Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin müxbir üzvü Edvard Lutvak V Qlobal Bakı Forumu çərçivəsində "Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, prezident seçkiləri kampaniyası dövründə şərhçilər qeyd edirdilər ki, ola bilsin D.Tramp qalib gəlsin: "Hər kəs deyirdi ki, Respublikaçılar partiyası məhv olacaq. Onlar Senatı, Nümayəndələr Palatasını itirəcəklər. Amma respublikaçılar əksər vəzifələri tutdular".
E.Lutvak bildirib ki, D.Tramp Dövlət Departamenti işçilərinin sayını azaltmaq istəyir.
O qeyd edib ki, D.Tramp Meksika ilə sərhədi bağladıqdan sonra ABŞ-da qanunsuz yerləşən ispandilli insanların yaşamalarını qanuniləşdirəcək: "Corc Buş, Barak Obama ispandillilərə ABŞ-da yaşamalarının leqallaşdırılacağına söz versələr də, vədlərinə xilaf çıxdılar. Bu taktika Trampın yenidən prezident seçilməsi üçün vacibdir. O, sanki həm də özündən sonra növbəti prezidentlik üçün qızı İvankanı hazırlayır. Tramp həm də gəlirləri təkrar bölüşdürmək niyyətindədir. Çünki ABŞ-ın daxilində gəlirlər radikal şəkildə səhv bölüşdürülüb".
V Qlobal Bakı Forumu çərçivəsində prezidentlərin iclası keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən V Qlobal Bakı Forumu rəsmi açılış mərasimindən sonra "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda iclasla davam edib. Dövlət Komitəsinin mətbuat xidmətindən "Trend"ə verilən məlumata görə, iclasda Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Giorgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal iştirak edib.
İclasın moderatoru olan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin mühüm məsələlərin müzakirə edildiyi Forumun əhəmiyyətini xüsusi vurğulayıb.
Monteneqro Prezidenti Filip Vuyanoviç müasir dövrdə elmi-texniki tərəqqi nəticəsində insanların bütün imkanlardan yararlanaraq daha yaxşı yaşadıqlarını bildirib. Hazırda dünyanın bir sıra problemlərlə üzləşdiyini deyən Prezident Filip Vuyanoviç qeyd edib ki, insanlıq terrorizm kimi ciddi bəla ilə üzləşib, günahsız insanların həyatına son qoyulur. Aclıq və digər problemlər səbəbindən demokratiyaya ciddi zərbə vurulur.
Bu problemlərin qarşısının anılmasında beynəlxalq səviyyədə səylərin və güclərin birləşdirilməsinin əhəmiyyətini diqqətə çatdıran dövlət başçısı bildirib ki, yalnız bu halda beynəlxalq münasibətlər daha yaxşı inkişaf edəcək. İnteqrasiya ümumi rifahın inkişafına töhfə verir. Monteneqro da bu siyasəti əsas tutur və ümid edir ki, bölgə üçün yaxşı nümunə olacaq.
Makedoniya Prezidenti George İvanov hazırkı dövrdə mövcud problemlərin dərindən öyrənilməsinin gələcəyin daha dəqiq proqnozlaşdırılması baxımından önəmini vurğulayaraq bildirib: "Hazırkı dövr biz insanlar üçün çox təhlükəlidir. Çünki biz terrorçuların olduğu dövrdə yaşayırıq. Bu insanlar yalan xəbərlər yayır, geniş təbliğat işləri apararaq əhali arasında qorxu hissi yaradırlar. Məhz bunun nəticəsidir ki, bu proses hazırda ən yüksək səviyyəyə çatıb. Əslində, biz yeni dünyanın doğuluşu ərəfəsindəyik. Biz indiyədək qorxu ilə yaşamışıq. Lakin bundan sonra ümidlə yanaşmalıyıq ki, yeni dünya doğulur".
Yeni dünya nizamının çoxqütblü olacağını vurğulayan Makedoniya Prezidenti bildirib ki, vahid cəmiyyət, vahid mədəniyyət olmayacaq. Buna görə də müxtəlif mədəniyyətlər və millətlər arasında dialoqu təşviq etməli, müxtəlifliyə hörmətlə yanaşmalıyıq. Makedoniya da bu sahədə Azərbaycan kimi hərəkət edir və inteqrasiya yolunu seçib.
Albaniya Prezidenti Buyar Nişani bildirib ki, ölkəsi kiçik olsa da, digər xalqların və ölkələrin inkişafına da öz töhfəsini verib. Kommunizmin süqutundan sonra Albaniyanın sürətlə inkişaf etdiyini, etibarlı tərəfdaş olduğunu deyən dövlət başçısı bildirib ki, yerləşdiyimiz region böyük imkanlar məkanıdır və bu imkanlardan səmərəli istifadə edilməlidir: "Biz müharibələr, problemlərlə üzləşməyimiz baxmayaraq, yeni reallığa ayaq uyduraraq, qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edirik. Biz eyni regionda yaşadığımız üçün birgə məqsədlərə nail olmağa çalışmalıyıq. Biz inanırıq ki, Avropaya inteqrasiya yeganə yoldur və bu istiqamətdə çalışmalıyıq. Bizim üçün başqa alternativ yoxdur. Bu bir prosesdir və müəyyən müddətdən sonra biz bu ailənin üzvü olacağıq".
Albaniyanın zəngin təbii sərvətlərə, bol su ehtiyatlarına, yaxşı iqlimə və sahil zonasına malik olduğunu vurğulayan Prezident Buyar Nişani bildirib ki, biz bu sərvətlərdən istifadə edə və qonşu dövlətlərlə əməkdaşlığı dərinləşdirə bilərik. Sərmayədarları cəlb edə bilərik ki, layihələri uğurla icra edək. Biz sülhü və sabitliyi təmin etmək və inkişaf etməkdə yaxşı nümunə olacağıq. Yaxşı liderlər bizim dünyanı daha yaxşı dünyaya aparacaqlar, amma insanlarla açıq və səmimi münasibət lazımdır".
Son illər dünyada gərginliklərin və münaqişələrin daha da artdığını qeyd edən Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili deyib ki, otuz il əvvələ qayıtsaq və dünyanın gələcəyi barədə düşüncələrimizi xatırlasaq, o zaman düşüncələrimizin daha nikbin olduğunu görərik: "Həmin dövrdə insanların "soyuq müharibə"nin sonunda daha çox imkanların yaranacağına, sülh və əməkdaşlığın dərinləşəcəyinə ümidləri böyük idi. Amma bu gün elə bir dünyanın şahidiyik ki, bu dünyada terrorizm, qırğınlar, müharibələr baş verir".
Gürcüstanın qlobal təhlükəsizlik və sabitlik prosesinin tərəfdaşı olduğunu diqqətə çatdıran Prezident Giorgi Marqvelaşvili bildirib ki, beynəlxalq əməkdaşlığa inanır. Bu qloballaşan dünya sülhə və sabitliyə gətirib çıxaracaq. Biz Əfqanıstanda və Afrikada sülhyaratma missiyalarında iştirak edirik. Bizim ölkə qlobal təhlükəsizliyə töhfə versə də, özü bundan əziyyət çəkir.
Prezident Giorgi Marqvelaşvili vurğulayıb ki, Gürcüstan Azərbaycana və Türkiyəyə açıq tərəfdaşlıq təklif edir və gələcək inkişaf layihələrinə hazırdır.
"Təəssüf ki, biz təhlükəsiz və sabit dünyada yaşamırıq", - deyən Latviya Prezidenti Raymonds Veyonis qeyd edib ki, hazırda davam edən münaqişələr, böhranlar nəticəsində beynəlxalq münasibətlər kəskin dəyişib. Mövcud münaqişələrin beynəlxalq sülhə və sabitliyə ciddi təhlükə törətdiyini vurğulayan Raymond Veyonis əlavə edib ki, beynəlxalq münasibətləri sabitləşdirmək üçün qlobal səviyyədə fəaliyyətlərin həyata keçirilməsi baxımından ən uyğun platforma olan BMT-nin fəaliyyəti daha da təkmilləşdirilməli və gücləndirilməli, onun dəyəri artırılmalıdır. O deyib ki, BMT qlobal səviyyədə təhlükəsizlik və müdafiənin, iqtisadi və sosial səviyyədə əməkdaşlığın, insan hüquqlarının təmin olunmasında mühüm rol oynayır.
Avropanın təhlükəsizliklə bağlı problemlərdən sığortalanmadığını vurğulayan Latviya Prezidenti bildirib ki, Avroatlantik məkan da bir sıra problemlərlə üzləşir. Biz ekstremizmin, korrupsiyanın, insan hüquqlarının pozulmasının ağır fəsadlarını görürük. Bu, xüsusilə Şimali Afrikada və Yaxın Şərqdə daha çox baş verir.
Münaqişələrin qısa müddətdə və ədalətli həlli ilə bağlı BMT qətnamələrinin mümkün qədər tez icra olunmasının vacibliyini bildirən Prezident Raymonds Veyonis deyib ki, Latviya münaqişələrin sülh, beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü prinsipləri əsasında həll olunmasını dəstəklədiyir. "Münaqişələrin həlli Avropa üçün də çox vacibdir. Bunun üçün həm də güclü siyasi iradə tələb olunur. Hazırda dünyada baş verən böhranlar, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Gürcüstan, Ukrayna və Moldovadakı münaqişələr tezliklə sülh yolu ilə həll edilməlidir".
Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal isə bildirib ki, dünyada mövcud problemlər hazırda ciddi geosiyasi risqlərə gətirib çıxarıb, yeni böhranlar yaranır, gərginliklər daha da dərinləşir: "Bu həm də o səbəbdən baş verir ki, mötəbər beynəlxalq qurumlar öz vəzifələrini lazımınca yerinə yetirə bilmir. İkinci Dünya müharibəsinin qaliblərinin baxışı dünyaya sülh gətirmək idi. Lakin risqlərin qarşısının alınması üçün vaxtında və lazımi səviyyədə addımların atılmaması ciddi problemlər doğurub. Qloballaşan dünyanın İkinci Dünya müharibəsi dövründəkindən çox fərqli olmasına baxmayaraq, dünya hazırda "soyuq müharibə" illərində olduğu kimi idarə edilir".
Turki əl-Faysal bildirib ki, Suriya böhranının, Fələstin probleminin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, dünyanın aparıcı dövlətlərinin bu məsələlərin həllinə istəksiz və laqeyd yanaşmaları hazırkı ağır nəticələrə gətirib çıxarıb: "Buna görə də dünyadan, xüsusən mötəbər beynəlxalq təşkilatlardan, o cümlədən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən yeni yanaşmalar tələb olunmalıdır. Çünki hazırkı format və yanaşmalar dayanıqlı sülhün və asayişin bərqərar olması, yaşadığımız cəmiyyətlərin, bəşəriyyətin üzləşdiyi çətinliklərin öhdəsindən gəlmək üçün kifayət etmir. Buna görə də BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün vəzifələrinə yenidən baxılmalıdır ki, onlar münaqişələrin həllinə nail ola bilsinlər. Bu baxımdan dünya liderləri bir araya gəlməlidir. Biz hamımız eyni sivilizasiyada yaşayırıq. Ona görə də sivilizasiyaların münaqişəsinə deyil, barışığına nail olmalı, yaşadığımız dünyanı daha da gözəlləşdirməliyik".
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb, auditoriyanın sualları cavablandırılıb.
Forum işini davam etdirir.
Xəbər xidməti