Fransua Olland: “Azərbaycanla Fransa arasında bir çox sahələrdə yaxşı əlaqələr var”
Martın 14-də Parisdə, Yelisey Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.
Yelisey Sarayının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, kosmik sənaye, turizm, bərpaolunan enerji, ətraf mühit sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Sonra Prezident İlham Əliyevin və Prezident Fransua Ollandın iştirakı ilə Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fransa Respublikasının Ətraf Mühit, Enerji, Dəniz və İqlim üzrə Beynəlxalq Əlaqələr Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın nəqliyyat, dənizçilik və balıqçılıq məsələləri üzrə dövlət katibi Alan Vidalies imzalayıb.
“Fransanın İnkişaf Agentliyi ilə Azərbaycan Respublikası arasında Kredit Müqaviləsi”ni Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Fransanın İnkişaf Agentliyinin baş direktorunun müavini Filip Boduen imzalayıb.
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Fransa Respublikasının Baş naziri yanında Dövlət İslahatları və Asanlaşdırma üzrə Dövlət Katibliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Fransanın Baş naziri yanında Dövlət İslahatları və Asanlaşdırma məsələləri üzrə dövlət katibi Jan Vinsent Plase imzalayıb.
“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi ilə Fransa Respublikasının İqtisadiyyat, Sənaye və Rəqəmsal Nazirliyi arasında innovasiya, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın sənaye, rəqəmsal və innovasiyalar üzrə dövlət katibi Kristof Sirugue imzalayıb.
“Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Fransa Respublikasının Mənzil və Davamlı Yaşayış Nazirliyi arasında Niyyət Protokolu”nu Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Fransanın Azərbaycandakı səfiri Aurielia Buşez imzalayıb.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Olland mətbuata bəyanatlarla çıxış ediblər.
Prezidenti İlham Əliyev bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlardan boyun qaçırmamalıdır.
Dövlət başçısı qeyd edib: "İlk növbədə, cənab Prezident, dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən Fransada olmaqdan çox məmnunam. Siz Azərbaycanda iki dəfə səfərdə olmusunuz. Bu, əslində Fransa-Azərbaycan əlaqələrinin bir göstəricisidir.
Aramızda inkişafda olan siyasi dialoq çox fəal mərhələyə qədəm qoyub. Biz bu gün də bu dialoqu davam etdiririk. Görürük ki, bir çox məsələlərlə bağlı bizim mövqeyimiz üst-üstə düşür. Əlbəttə ki, güclü siyasi əlaqələr bütün sahələrdə inkişafda olan əlaqələrə də müsbət təsir göstərir".
Prezident bildirib ki, Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda öz səylərini göstərir: "Biz bu səyləri yüksək qiymətləndiririk. Xüsusilə mən 2014-cü ilin sonlarında Sizin təşəbbüsünüzlə bu Yelisey sarayında Ermənistan prezidenti ilə keçirdiyim görüşü qeyd etmək istəyirəm. Çox konstruktiv və müsbət bir görüş idi. Əfsuslar olsun ki, bu görüşdən sonra danışıqlar prosesində müəyyən durğunluq müşahidə olundu. Biz istəyirik ki, məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə öz həllini tapsın. Ermənistan beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarını uzun illərdir ki, işğal edib. Dağlıq Qarabağı və onun ətrafında yerləşən yeddi bölgəni işğal altında saxlayır. O bölgələrdən bütün Azərbaycan əhalisi, yüz minlərlə insan qovulub. Orada bütün infrastruktur və binalar dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər edib və öz məruzələrində bunu ifadə ediblər. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. O qətnamələr 1990-cı illərin əvvəllərində qəbul edilmişdir. Ermənistan bu qətnamələrin icrasına görünür ki, meyilli deyil. Ona görə birinci mərhələ üçün hazırda tezliklə danışıqlar bərpa edilməlidir. Ermənistan danışıqlardan boyun qaçırmamalıdır. Cənab Prezident Ollandın qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir. Minsk qrupuna həmsədr olan ölkələrin prezidentləri - Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər".
İlham Əliyev əlavə edib: "Cənab Prezident qeyd etdi ki, bizim ikitərəfli gündəliyimiz çox genişdir. Dünən MEDEF-də olarkən bir daha böyük qarşılıqlı marağı gördüm. İqtisadi əlaqələrimiz inkişaf edir. Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2 milyard dollardan çox sərmayə qoyublar və Azərbaycanda bir çox önəmli layihələrdə iştirak edirlər. Azərbaycanın kosmik sənayesinin inkişafında Fransa şirkətləri bizə dəstək olurlar. Eyni zamanda, şəhər nəqliyyatı, nəqliyyat, infrastruktur, su, içməli su layihələri, ekoloji layihələr və digər layihələr icra edilir. Biz bu əməkdaşlıqdan çox məmnunuq. Fransa şirkətləri ilə keçirdiyim görüşlərdə onları bir daha inandırdım ki, Azərbaycanda xarici sərmayə üçün çox gözəl iqlim var. Eyni zamanda, Azərbaycanın iqtisadi potensialı artır. Beləliklə, daha çox Fransa şirkətləri Azərbaycanda uğurlu podratçı kimi fəaliyyət göstərə bilərlər".
Azərbaycan Prezidenti vurğulayıb ki, humanitar sahədə də əməkdaşlıq çox uğurludur: "Cənab Prezident həm mədəniyyət və təhsil sahələrində bunu qeyd etdi. Sadəcə bir məqamı vurğulamaq istəyirəm ki, bizim Prezident Ollandla qəbul etdiyimiz qərarlardan dərhal sonra layihələr icra olunmağa başlayıb. Biz bunu məhz Fransa-Azərbaycan Universitetinin timsalında görürük. Qısa müddət ərzində - qərar qəbul olunandan bir neçə ay sonra artıq Universitet öz qapılarını tələbələrin üzünə açdı. Bu Universitetə çox böyük maraq var.
Biz bütün başqa sahələrdə də çox fəal əməkdaşlıq edirik. Prezident qeyd etdi ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri böyük əhəmiyyət daşıyır. Keçən ay Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə əlaqədar danışıqlara start verildi. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Bizim məhsullarımızın böyük əksəriyyəti Avropaya ixrac edilir və eyni zamanda, Avropa İttifaqı Azərbaycanda ən böyük investordur. Biz müxtəlif layihələr icra edirik və onların arasında xüsusilə Cənub Qaz Dəhlizini qeyd etmək istəyirəm. Azərbaycanın təşəbbüsü ilə icra edilən bu strateji qaz kəməri Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. “Cənub Qaz Dəhlizi” layihəsinin ümumi dəyəri 40 milyard dollardır və Azərbaycan da həm sərmayədar, həm icraçı, həm də təşəbbüskar ölkə kimi bu layihənin həyata keçirilməsində fəal iştirak edir.
Əminəm ki, Fransa-Azərbaycan əlaqələri gələcəkdə daha da möhkəmlənəcək. Bu gün apardığımız danışıqlar belə deməyə əsas verir. Biz çox istəyirik ki, əlaqələr daha da yüksək səviyyəyə qalxsın, beləliklə, Fransa və Azərbaycan xalqları bir-birinə daha da yaxın olsunlar. Cənab Prezident, qonaqpərvərliyə görə Sizə bir daha minnətdaram".
“Azərbaycanla Fransa arasında bir çox sahələrdə yaxşı əlaqələr var”. Bunu isə Fransa Prezidenti Fransua Olland deyib.
F.Olland qeyd edib: "Mən Prezident Əliyevi böyük məmnuniyyətlə qəbul edirəm. O, artıq Parisə gəlib. Biz münasibətlərimizin əsasını qoymuşuq. Eyni zamanda, biz digər kontekstdə - Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapmaq haqqında da danışdıq. Bu gün Prezident Əliyev Parisdədir və biz keçdiyimiz yollara, gələcəkdə görməli olduğumuz işlərə nəzər saldıq".
Prezident bildirib ki, Azərbaycan ilə Fransa arasında bir çox sahələrdə, xüsusilə siyasi sahədə yaxşı əlaqələr var: "Azərbaycanın regiondakı və regionun hüdudlarından kənardakı bütün tərəfdaşları ilə danışıqlar aparmaq sahəsindəki rolu bizə məlumdur. Bizim yeganə məqsədimiz sülhdür. Biz təkcə regionda deyil, eyni zamanda, qlobal səviyyədə təhdid olan və bizim də üzləşdiyimiz terrorizmə qarşı sülh axtarırıq. İqtisadi kontekstdə isə deyə bilərəm ki, bizim şirkətlər artıq Azərbaycanda fəaliyyət göstərir. Çalışırıq ki, bizim şirkətlər bu ölkədə sərmayə yatırsınlar, kontraktlar imzalayaraq əhalini lazımi təchizatla təmin etsinlər. Çox şadam ki, cənab Əliyevlə MEDEF şirkətləri arasında məhsuldar müzakirələr aparılıb. Bir çox kontraktların imzalanması barədə danışılıb, xüsusilə də “Thales lnternational” şirkəti ilə.
Biz ətraf mühit sahəsində də əməkdaşlıq imkanlarından danışdıq. Paris Sazişinin həyata keçirilməsi üçün ekspertlərimizin mübadiləsini aparmalıyıq və bir neçə ekoloji problemləri həll etmək lazımdır - infrastruktur, bərpaolunan enerji və ətraf mühit üçün faydalı olan bütün vasitələrlə. Biz dövlət xidməti sahəsində də iki ölkə arasında möhkəm əlaqələrin olmasını istəyirik ki, bunun sayəsində bütün sahələrdə innovasiyaları tətbiq edək".
F.Olland əlavə edib ki, Azərbaycan ilə Fransa arasında belə bir konsepsiya var ki, yeni texnologiyalar – rəqəmsal texnologiya iqtisadi inkişafa xidmət etsin: "Mənim Bakıya səfərim zamanı biz təhsil sahəsində də əlaqələri genişləndirməyi müzakirə etmişdik. Bakıda Fransız məhəlləsində Fransız Liseyinin əsasını qoyduq. Bu layihə müvəffəqiyyətli oldu. Bu gün artıq Universitet səviyyəsində əməkdaşlığı inkişaf etdiririk və keçən ilin sentyabr ayında Azərbaycan-Fransız Universiteti açılıb. Bu da müvəffəqiyyətli olub, bir çox fransız universitetləri artıq əməkdaşlıq edirlər".
Fransa Prezidenti qeyd edib: "İndi digər iki mövzu barədə danışacağam. Birincisi, Azərbaycan ilə Avropa İttifaqı arasındakı danışıqların başlanmasıdır. Biz istəyirik qarşıya qoyulan məqsədlərə nail olunsun. Şərq Tərəfdaşlığı çərçivəsində Avropa bu danışıqlara başlayıb və Fransa bunu elə ilk gündən dəstəkləyir.
Sonra Dağlıq Qarabağ məsələsi var. Biz bu haqda danışdıq və bildirdik ki, mövcud status-kvo qəbuledilməzdir. Risqlər var və biz bunu keçən ilin aprel ayında baş verən insidentdən də gördük. Biz danışıqların yenidən bərpa olunmasını arzulayırıq. Minsk qrupunun həmsədri kimi istəyirik ki, digər həmsədrlər - ABŞ və Rusiya da bu prosesə töhfə versin. Düşünürük ki, parametrlər bəllidir və uzun müddətdir davam edən bu münaqişənin həlli yolunu tapmaq mümkündür. Hesab edirik ki, hər dəfə sülhə töhfəmiz beynəlxalq səviyyədə həyata keçirmək istədiyimiz fəaliyyətin və qurmaq istədiyimiz münasibətlərin məğzidir. Xüsusilə də gərginliklər olanda və hazırda Avropa ilə Türkiyə arasında olan vəziyyətdə. Bizim rolumuz aydın şəkildə bildirməkdir ki, nəyi qəbul edirik, nəyi qəbul etmirik. Avropa ilə Türkiyə arasında olan münasibətlərin sabitləşməsi üçün də töhfəmizi verməliyik. Digər mövzularda olduğu kimi, bu mövzu ilə də bağlı dialoqu təşviq etməliyik".
XXX
“Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında irəliləmək vaxtı çoxdan çatıb”
Martın 14-də Fransa Respublikasının Prezidenti Fransua Ollandın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib.
Fransa Prezidenti şam yeməyində çıxışında qeyd edib: "Cənab Prezident. Cənab nazirlər. Hörmətli deputatlar. Hörmətli xanımlar və cənablar. Mən Sizi ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdiyimiz bir dönəmdə qarşılayıram. Fransa 1992-ci il yanvarın 3-də Azərbaycanın müstəqilliyini tanımışdır. Beləliklə, həqiqətən də Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. Əslində mən “bərpa olunmuş müstəqilliyini” sözlərini söyləməli idim. Çünki 1918-ci il mayın 28-dən 1920-ci ilin aprelinə kimi artıq Azərbaycan Demokratik Respublikası mövcud olmuşdur və onun yaranması tarixi hər il Azərbaycanın milli günü kimi qeyd olunur. Biz bir neçə gün əvvəl Beynəlxalq Qadınlar Gününü qeyd etdiyimizə görə onu da xatırlatmaq istərdim ki, Azərbaycan Demokratik Respublikası dünyada qadınlara səsvermə hüququnu verən ilk ölkələrdən olmuşdur".
F.Olland bildirib ki, əslində xalqlarımız arasındakı əlaqələrin tarixi 25 illik diplomatik münasibətlərdən daha qədimdir: "Bizim ölkələri birinci növbədə ticarət əlaqələri yaxınlaşdırmışdır. Bu əlaqələrin ilk izlərinə IX və X əsrlərdən başlayaraq Azərbaycandan keçən tarixi İpək Yolunda rast gəlmək olar. XIII əsrdən isə bu yolu fransız səyyahları da keçməyə başlamışlar. Daha sonra Fransanın qədim tarixə malik olan şərqşünaslıq ənənəsi bizi mədəniyyət sahəsində də yaxınlaşdırmışdır. Bartelemi Derblo 1700-cü ildə işıq üzü görmüş məşhur “Şərq kitabxanası” əsərində sizin ədəbiyyatınızı ilk dəfə olaraq ölkəmizə tanıtmışdır. Amma ölkənizi fransızlara ən çox tanıdan 1858-1859-cu illərdə Qafqaza səfər etmiş və öz əsərində Bakını təsvir edən Aleksandr Düma olmuşdur. Artıq o vaxtdan ölkələrimiz arasında möhkəm əlaqələr qurulmuşdur və mən münasibətlərimizin istisnasız hər bir mövzuya toxunmağa imkan verən səmimiliyini və açıqlığını çox qiymətləndirirəm.
Cənab Prezident, Sizin ölkənizin əməkdaşlıq əlaqələrini şaxələndirmək, müstəqilliyini möhkəmləndirmək kimi böyük bir məqsədiniz var. Biz Azərbaycan və Avropa İttifaqı arasında yeni müqavilə perspektivini məhz bunu düşünərək dəstəklədik. Mən şadam ki, bununla bağlı danışıqlar artıq bir ay əvvəl Brüsseldə Sizin iştirakınızla başlamışdır. Arzu edirəm ki, bu danışıqlar tez bir zamanda uğurla nəticələnsin. Fransa karbohidrogenlər sahəsində sizin əsas müştərilərinizdən biridir. Bu baxımdan mən Total və SOCAR arasında Abşeron neft yataqlarının istismarı üzrə uzun illərdən bəri davam edən əməkdaşlığı alqışlayıram. Cənab Prezident, hörmətli birinci xanım, Fransanın bir çox şirkətləri Sizin ölkənin nəqliyyat, turizm, ekologiya, təhlükəsizlik, şəhərsalma və kənd təsərrüfatı sahələrində öz təcrübələri və bacarıqları ilə bölüşməyə hazırdırlar. Bildiyimə görə, Fransaya səfəriniz çərçivəsində Siz onların bir çoxu ilə artıq görüşmüsünüz və Sizin iştirakınızla bir çox müqavilələr imzalanmışdır.
Cənab Prezident, mən Sizin ölkənizə səfər etmişəm. Biz 2016-cı ilin sentyabr ayında açılan Azərbaycan-Fransız Universitetinin uğurundan qürur hissi duyuruq. Universitetin artıq 150 tələbəsi var. Mən Sizə bu layihənin reallaşmasına verdiyiniz şəxsi dəstəyinizə görə təşəkkür etmək istərdim".
F.Olland əlavə edib ki, bu, təhsilə və ölkənizdə 50 minə yaxın şagirdə tədris edilən və 3-cü xarici dil olan fransız dilinin geniş yayılmasına Sizin verdiyiniz əhəmiyyəti bir daha göstərir: "Mən, həmçinin Fransanın və Azərbaycanın regionlarıarasında sayı get-gedə artan əməkdaşlıq proqramlarında iştirak edən rayon icra başçılarını və deputatları da alqışlamaq istərdim.
Mən nitqimi sülhün və sabitliyin vacibliyini qeyd edərək bitirmək istərdim. Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında irəliləmək vaxtı çoxdan çatmışdır. Danışıqlar artıq 23 ildir ki, davam edir və tərəflər heç bir həlledici nəticəyə gəlməmişlər. Status-kvodan pis bir şey yoxdur. 2016-cı ilin aprelində və bir neçə həftə bundan əvvəl baş verən toqquşmalar aydın göstərir ki, bu münaqişə heç vaxt tam dayanmamışdır.
Siz Fransanın ATƏT-in Minsk qrupunun rusiyalı və amerikalı həmsədrləri ilə birlikdə çıxış yolunun tapılmasına nə qədər səy göstərdiyini bilirsiniz. Bir neçə gün əvvəl Parisə səfər edən prezident Sarkisyana söylədiyim kimi, mən bunu Sizin qarşınızda da təkrar edirəm: Bu münaqişə hərbi yolla həll edilə bilməz. Belə ki, ABŞ və Rusiya ilə birlikdə Fransa öz vasitəçilik səylərini yorulmadan davam etdirəcək. Bu səylər hərbi yola əl atmamaq, dövlətlərin ərazi bütövlüyünün qorunması və öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanır. Fransa bu çərçivədə hər bir təşəbbüs göstərməyə hazırdır.
Cənab Prezident, Sizin Parisə bu səfəriniz bizim üçün uzunmüddətli münasibətlərimizdə yeni bir mərhələnin başlanğıcıdır. Fransa Azərbaycan üçün hər zaman mübadilələrimizi, xüsusilə də insan hüquqları sahəsində mübadilələri artırmaq, regionda təhlükəsiz və sabit bir gələcəyin olması naminə birgə işləmək istəyən açıq və səmimi bir tərəfdaş olaraq qalacaqdır".
“Status-kvo qəbuledilməzdir - Digər həmsədrlər kimi, Fransa da bu barədə dəfələrlə bəyanatlar verib”
Prezident İlham Əliyev isə şam yeməyində çıxışında qeyd edib: "Hörmətli cənab Prezident. Xanımlar və cənablar. Cənab Prezident, ilk növbədə məni Fransaya rəsmi səfərə dəvət etdiyinizə, eləcə də səfər zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm.
Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan ilə Fransa arasında siyasi əlaqələr yüksək səviyyədədir. Qarşılıqlı səfərlərimiz artıq ənənəyə çevrilmişdir. Mən Azərbaycan Respublikasının Prezidenti kimi Fransada dəfələrlə səfərdə olmuşam. Siz, cənab Prezident, iki dəfə Bakıda səfərdə olmusunuz. Qarşılılıqlı səfərlər onu göstərir ki, Fransa-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Aramızda çox fəal siyasi dialoq aparılır. Fransa Respublikasına bugünkü səfərimizin diplomatik münasibətlərimizin qurulmasının 25 illiyinə təsadüf etməsindən olduqca məmnunam".
Dövlətimizin başçısı bildirib ki, Fransa regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədridir: "Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilmiş, etnik təmizləmə siyasəti aparılmış və bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Məclisi, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Status-kvo qəbuledilməzdir. Fransa digər həmsədrlər kimi, bu barədə dəfərlərlə bəyanatlar vermişdir. Təəssüflər olsun ki, Ermənistan buna məhəl qoymur və öz işğalçı siyasətindən əl çəkmir. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz".
İlham Əliyev vurğulayıb ki, Azərbaycanla Fransa arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir: "Fransa şirkətləri bu günədək Azərbaycanda energetika, aviasiya, kosmik sənaye, nəqliyyat, su təchizatı, kənd təsərrüfatı və digər sahələrdə təxminən iki milyard ABŞ dolları dəyərində 27 layihədə podratçı kimi iştirak etmişlər. Enerji sahəsində əməkdaşlıq iqtisadi münasibətlərimizin əsas istiqamətlərindən biridir. Fransa şirkətləri Azərbaycanın neft-qaz sektorunda həyata keçirilən layihələrdə iştirak edirlər. Azərbaycanın təşəbbüsü ilə uğurla icra edilən “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Humanitar sahədə də əməkdaşlığımız çox genişdir. Fransız dili uzun illərdir Azərbaycanda tədris olunur. Azərbaycanın 338 məktəbində 50 minə yaxın şagird fransız dilini öyrənir. Azərbaycanın yeddi ali təhsil müəssisəsində fransız dili tədris edilir. Bakı Slavyan Universitetində Viktor Hüqo adına Fransız Dili və Ədəbiyyatı Mərkəzi, Azərbaycan Dillər Universitetində Fransa Mərkəzi yaradılmışdır. Üç il əvvəl biz Bakı Fransız Liseyini yaratdıq. Cənab Prezident, Sizinlə bu liseyin açılışında iştirak etmişik. Ötən il isə Azərbaycan-Fransız Universiteti fəaliyyətə başladı. Artıq bir neçə ildir ki, Fransada da Azərbaycan dili tədris olunmağa başlayıb. Eyni zamanda, mədəniyyət sahəsində də uğurlu əməkdaşlıq aparılır".
Prezident qeyd edib ki, Fransa ilə Azərbaycanın regionları arasında da əməkdaşlıq inkişaf edir: "Azərbaycanın 14 şəhəri ilə Fransanın 12 şəhəri və 1 vilayəti arasında müvafiq sənədlər imzalanmışdır.
Hörmətli cənab Prezident, dəvətə və göstərdiyiniz yüksək qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirir, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və tərəqqi arzulayıram".