Bakının Nəsimi rayonunda davam edən abadlıq-quruculuq işləri Novruz ərəfəsində yeni bir vüsət alıb.
Nəsimi Rayon İcra Hakimiyyətindən baki-xeber.com-a verilən məlumata görə, bayramın əsas “atributu” sayılan təmizlik və abadlıq işləri burada tam sürətilə həyata keçirilir. Hazırda rayonda yerli infrastruktur layihələrin, o cümlədən “Qərənfil” körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanıb. 1968-ci ildə inşa edilmiş bağçanın ümumi torpaq sahəsi 1.5ha-dır, 3 korpuslu, iki mərtəbəli, 225 yerlikdir. Bağça 12 qrup və 9 köməkçi otaqdan ibarətdir. 12 qrupda 225 usaq tərbiyyə alır, ümumilikdə 54 nəfər işləyir.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən, həmçinin, Asif Məhərrəmov küçəsi ilə Moskva prospekti arasındakı məhəllələrarası ərazidə baxımsız vəziyyətdə olan 1 hektardan çox sahədə abadlıq işləri aparılaraq istirahət parkının salınması işlərinə başlanıb. Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün tam şəraitli guşələrin yaradılması, avadanlıq və qurğuların quraşdırılması, ictimai iaşə xidməti göstərəcək müasir qeyri-yaşayış sahəsinin yaradılması nəzərdə tutulur. Parkda həm də genişmiqyaslı yaşıllaşdırma işləri aparılacaq.
Novruz bayramı ərəfəsində isə 3- cü mikrorayon Rəşid Məmmədov küçəsi 15 ünvanının qarşısında “Abad həyət” Nəsimi rayon sakinlərinin ixtiyarına verilib. Bu ünvanda 120 mənzilli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilib, binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənib. Eyni zamada həyətdə yaşıllaşdırma işləri aparılıb, 150 ağac əkilib.
Hazırda Nəsimi rayonunun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.
Baki-xeber.com