Türkiyə hökuməti Avroittifaqla miqrant qəbulu ilə bağlı anlaşmaya yenidən baxmalıdır.
Baki-xeber.com-un xəbərinə görə, belə bir çağırışla Türkiyənin Aİ işləri üzrə naziri Ömər Çelik çıxış edib. Onun sözlərinə görə, qaçqınların Türkiyə və Avroittifaq üzrə yerləşməsinə nəzarət olunmalıdır. Ömer Çelik eyni zamanda Egey dənizindən miqrant daşınmasına son verilməsini istəyib, bunun yüzlərlə qurban bahasına başa gəldiyinə diqqət çəkib.
Xatırladaq ki, ötən ilin martında Türkiyə hökuməti və Avroittifaq ölkələrinin başçıları arasında Avropa ölkələrinə miqrasiya ilə bağlı plan razılaşdırılıb. Bununla da Ankara miqrantları ölkəsində yerləşdirmək qarşılığında Avropa ölkələrindən maliyyə yardımı və bu ölkələrlə vizasız rejim razılaşması əldə edib. Lakin razılaşmanın əldə olunmasından bir il ötməsinə rəğmən, Türkiyə vətəndaşları üçün həmin Avropa ölkələrinə vizasız rejim tətbiq olunmayıb. Üstəlik, vəziyyətin gərginləşməsinə gətirən son olayların yaşanmasının ardından Ankara Almaniya və Niderlandı nasizm ənənələrinə sadiq qalmaqda suçlayıb.