Polşanın xarici işlər naziri Vitold Vaşikovski Hollandiya hökumətinin iki türk nazirinin Rotterdamda mitinqə qatılmaq istəyinə reaksiyasını “olduqca sərt” adlandırıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, yerli radionun efirində sözügedən olaya münasibət bildirərkən deyib. Polşalı nazir deyib ki, Hollandiya ilə Türkiyə arasında diplomatik böhran Avropa İttifaqı üçün sərfəli deyil, çünki Ankara hazırda Brüsseldən ötrü Yaxın Şərqdən miqrant axınını tənzimləmək baxımından çox vacib müttəfiqdir. Onun fikrincə, hollandiyalı yetkililər olaya bu qədər sərt reaksiya verməklə yanlış hərəkətə yol veriblər. “Türkiyə ilə ötən il əldə olunan, miqrant axınının qarşısını əhəmiyyətli şəkildə almağa yönəlik anlaşma pozularsa, bu dalğa yenidən Avropanı bürüyəcək”- deyə Vaşikovski narahatlığını bildirib.