Fransa Respublikasında rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də "Vivaction" şirkətinin prezidenti Rişar Mari ilə görüşüb.
Görüşdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezidentin həmin gün Parisdə "SUEZ" qrupun baş direktorunun müavini, eyni zamanda, MEDEF-in vitse-prezidenti xanım Marie-Ange Debon ilə də görüşü olub.
Görüşdə Azərbaycanla "SUEZ" qrup arasında müəyyən sahələrdə əməkdaşlığın həyata keçirildiyi, bir sıra layihələr üzərində iş getdiyi bildirilib. Bakının yağış sularından təmizlənməsi və digər layihələrlə bağlı məsələlər müzakirə olunub, bu işlərin davam etdirilməsinin məqsədəuyğunluğu bildirilib.
Martın 13-də Azərbaycan Prezidenti Parisdə DCNS şirkətinin prezidenti Erve Qiyu ilə də görüşüb.
Görüşdə Azərbaycanla DCNS şirkəti arasında 2004-cü ildən əməkdaşlığın həyata keçirildiyi bildirilərək, müxtəlif dizaynlı və təyinatlı gəmilərin hazırlanması ilə bağlı bir sıra layihələrin reallaşdırıldığı qeyd edilib. Bakı Gəmiqayırma Zavodu ilə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulanıb.
Prezident İlham Əliyevin Parisdə daha bir görüşü "CIFAL" qrupunun prezidenti Jil Remi ilə olub.
Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin hərbi-texniki sahədə gəmilərin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra Prezident İlham Əliyev Parisdə "Credit Agricole SA" şirkətinin baş direktoru Ksavye Musca ilə görüşüb. Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə olunaraq, Azərbaycanla "Credit Agricole SA" şirkəti arasında müxtəlif layihələrin uğurla maliyyələşdirildiyi qeyd edilib. Bir çox layihələrin artıq icra olunduğu, "Credit Agricole SA" şirkətinin "Cənub Qaz Dəhlizi" layihəsinin maliyyələşdirilməsində iştirak etdiyi, bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə çox yaxşı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Söhbət zamanı Azərbaycanla "Credit Agricole SA" şirkəti arasında əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyi bildirilib qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində müxtəlif layihələrin reallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Prezidentin Parisdə "Airbus" şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti Nikolya Şamosi ilə də görüş olub. Görüşdə Azərbaycanla "Airbus" şirkəti arasında bir neçə ildir uğurlu əməkdaşlığın həyata keçirildiyi, yaxşı perspektivlərin olduğu bildirilib. Kosmik sahədə, xüsusilə yeni təyinatlı, daha yüksək nəticələr əldə etməyə imkan verən peyklərin hazırlanması ilə bağlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Parisdə "Thales lnternational" şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə də görüşüb.
Azərbaycanla "Thales "nternational" şirkəti arasında iyirmi ildən çoxdur uğurlu əməkdaşlıq edildiyi məmnunluqla xatırlanıb, müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı çox yaxşı nəticələrin əldə olunduğu bildirilib. "Azərbaycan Hava Yolları" və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar cəmiyyətləri ilə müxtəlif layihələrin reallaşdırıldığı qeyd edilib, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müəyyən işlərin görüləcəyi diqqətə çatdırılıb.
Söhbət zamanı əməkdaşlığın gələcəkdə davam etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
Prezident İlham Əliyevin bu gün Parisdə “Total” şirkətinin prezidenti Patrik Puyane ilə də görüşü olub. Patrik Puyane Azərbaycanda gedən inkişaf proseslərinin maraqla qarşılandığını dedi, Bakının gözəl şəhərlərdən birinə çevrildiyini vurğulayıb.
Söhbət zamanı SOCAR ilə “Total” arasında əlaqələrin inkişafı, “Abşeron” yatağının işlənilməsi, “Ümid”, “Babək” qaz-kondensat yataqları üzrə əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər xidməti