Bu gün Milli Məclisdə Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri arasında görüş keçirilib. Trend-in məlumatına görə, görüşdə çıxış edən Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Feyziyev bildirib ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir və inkişaf edir.
A.Reyşar isə bildirib ki, səfərin məqsədi Azərbaycan-Fransa münasibətləri haqqında daha geniş məlumata malik olmaq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi barədə məlumatlanmaqdır.
O, həmçinin parlament diplomatiyasının Ermənistan-Azərbaycan münaqişəsinin həllinə müsbət təsir edə biləcəyini qeyd edib və təmasların artırılmasının əhəmiyyətindən danışıb. A.Reyşar bildirib ki, onlar səfər çərçivəsində təmas xəttində olub və orada insanların şəraiti ilə maraqlanırblar: “Oradakı vəziyyəti görəndən sonra bir daha əmin olduq ki, münaqişə tez bir zamanda həllini tapmalıdır”.
Bəzi fransalı senatorların Dağlıq Qarabağ ərazisinə səfər etməsini pislədiyini deyən A.Reyşar bildirib ki, hər kəs Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.
A.Reyşar həmçinin bildirib ki, bu səfər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına öz töhfəsini verəcək.
“Azərbaycanın torpaqları işğal olunub, yaxşı olardı ki, bu münaqişə sülh yolu ilə həll olunsun. Ancaq hansı yolla olur-olsun, bu torpaqlar Azərbaycana qaytarılmalıdır, Azərbaycan ərazi bütövlüyünü təmin etməlidir və öz torpaqları üzərində nəzarəti bərpa etməlidir”. Bunu da Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar deyib.
A.Reyşar deyib: “Biz çox gözəl başa düşürük ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi kimi qayğısı mövcuddur. Biz - burada əyləşən şəxslərin hər biri artıq bu barədə yetərincə məlumata malikik. Biz Fransada fəal iş aparırıq ki, Azərbaycanın haqq işinə dəstək verək”.
A.Reyşar vurğulayıb ki, ötən ilin aprel ayında baş verən hücumlar artıq narahatlığın pik həddində olduğunu göstərir: “Bu onu göstərdi ki, münaqişənin hərbi yolla həlli arzuolunan deyil. Ancaq istənilən yolla Azərbaycan öz torpaqlarını geri qaytarmalıdır. Biz Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəmizi verməyə hazırıq”.