Hollandiyanın Ankara Səfirliyi və Baş Konsulluğuna təhlükəsizlik səbəbilə giriş-çıxış dayandırılıb.
Baki-xeber.com bu barədə CNN Türk-ə istinadən xəbər verir. Xəbərdə bildirilir ki, diplomatil qaynaqlardan alınan bilgiyə görə, eyni zamansa bu ölkənin İstanbuldakı təmsilçiliklərinə də giriş-çıxış qapadılıb. Eyni hal səfir və konsulun yaşayış yerlərinə də tətbiq olunub.
Məsələ burasındadır ki, Hollandiya hökuməti Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Hollandiyada yaşayan Türk toplumu və diplomatik təmsilçilərlə bir araya gəlmək planlarını reallaşdırmağa imkan verməyib. Belə ki, dünən, artıq xəbər verdiyimiz kimi, XİN başçısı Mövlud Çavuşoğlunun təyyarəsinin bu ölkənin hava limanına enişinə icazə verilməyib. Bunun ardınca isə Almaniyada səfərdə olan ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Hollandiyaya avtomobillə gəlmək qərarı verib. Bu qərarın dərhal ardından Hollandiya polisi Rotterdam Səfirliyi önündəki yolu bağlayıb və nazir Kayanın avtomobili Səfirliyin 30 metrliyində durdurulub. Üstəlik, Rotterdam Baş konsulu Sadin Ayyıldızın nazir Kayanın avtomobilinin yanına getməsinə icazə verilməyib. Konsulluq çevrəsində protest göstəriləri başlayınca isə bölgədə məhəlli küçəyə çıxma yasağı elan edilib.
“Niderland nə etsə, Türkiyə onun on qatını edəcək”. Anadolu agentliyinin verdiyi məlumata görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. "Niderland siyasətçilərinin hərəkətləri insafsızlıqdır"- deyən nazir qeyd edib ki, Niderland hökumətinin Türkiyə xarici işlər nazirinə ölkəyə girişinin rədd edilməsi qərarı qəbuledilməzdir. Lakin Niderland hökumətinin Türkiyənin ailə və sosial siyasət nazirinin Roterdamda baş konsulluğa buraxılmaması isə utancvericidir və Anakara hər dəfəsində Avropaya bu rüsvayçılığı xatırladacaq.
Xatırladaq ki, hər iki nazirin Hollandiyaya səfərdə məqsədi Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək Referendum qabağı bu ölkədəki Türk ictimaiyyəti ilə görüşmək olub.