Niderland hökuməti Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu gətirən təyyarənin Krallıq ərazisinə enməsinə icazə verməyib.
Baki-xeber.com bu barədə TASS-a istinadən bildirir. Xəbərə görə, Çavuşoğlu Rotterdamda türk ictimaiyyəti qarşısında Türkiyədə keçiriləcək konstitusiya referendumu ilə bağlı çıxış etməyi planlaşdırırdı. Niderland XİN-dən verilən açıqlamada bildirilir ki, məsələ Türkiyə hökuməti ilə müzakirə olunub və nazirin ictimaiyyətlə görüşünün səfirlik və ya konsulluq ərazisində keçirilməsi təklif olunub. Lakin Türkiyə tərəfi qoyulan şərtlərlə razılaşmayıb və Niderlandı sanksiyalarla hədələyib. “Bu isə məsələ ilə bağlı müsbət qərar qəbul etməni mümkünsüz edib və Niderland təyyarənin enməsinə icazə vermək qərarından imtina edib”- deyə nazirliyin açıqlamasında deyilir. Eyni zamanda açıqlamada Niderland hökumətinin “hadisələrin bu səpgidə inkişafından narahatlıq duyduğu” ifadə olunur və Türkiyə ilə dialoqun hələ mümkün olduğuna ümid edilir.