Ermənistan prezidenti Serj Sarkisyanın Avropa səfərinin ardından bu ölkənin KİV-ləri onun Qarabağ münaqişəsi kontekstində “aldığı dəstək vədlərindən” geninə-boluna yazmağa başlayıb.
Bu yazılanlar arasında ən diqqətçəkən məqam isə Fransa prezidentinin fikirləridir. Erməni müəllifi Naira Ayrumyan Prezident Aparatının rəsmi açıqlamasına istinadən yazır ki, Fransa prezidenti Fransua Olland Sarkisyanla görüşdə Qarabağda qoşunların təmas xəttində insidentlərin araşdırılması mexanizminin yerləşdirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, bu mexanizmlərin fiksə etdiyi faktlar əsasında atəşkəsi pozanların “cəzalandırılması” mümkün olacaq. Ollandın sözügedən fikrini iqtibas gətirən RİA”Novosti” isə həmin kontestdə “xəbərdarlıq edilməsi” sözündən istifadə edir. Yəni bildirilir ki, Olland ilk atəş açan tərəfə “xəbərdarlıq olunacaq” fikrini işlədib. Bunlar isə ayrı-ayrı məsələlərdir. Təbii ki, təmas xəttində sözügedən mexanizmlərin tətbiqi nəticəsində atəş açılan nöqtə dəqiq fiksə ediləcək. Agentliyin versiyasında atəş açılan tərəfin dəqiqləşdirilərək ona xəbərdarlıq olunması fikri tam normal yanaşmadır, lakin Sarkisyan administrasiyasının versiyasına inansaq, belə çıxır ki, Olland atəş açılan nöqtənin cavab atəşilə məhv edilməsinə çağırıb. Nəzərə alsaq ki, söhbət Qarabağ çözümündə aparıcı fiqur olan Minsk Qrupunun həmsədr ölkəsinin prezidentinin məsələyə yanaşmasından gedir, məsələdəki “erməni barmağı” açıq-aşkar özünü göstərir. Ən azı o səbəbdən ki, MQ həmsədrləri istənilən halda münaqişənin hərbi çözümünün olmadığını hər zaman bəyan edib və tərəfləri buna inandırmağa çalışıblar. O halda guya Ollandın aqressiyaya çağırış kimi interpretasiya edilə biləcək fikri işlətməsi nə dərəcədə ağılabatan görsənə bilər?
Bəlli məsələdir ki, Serj Sarkisyan seçkiqabağı özünün “əvəzolunmaz lider” imicini formalaşdırmaq üçün rəngləri tündləşdirməyə çalışıb, amma “barıtı” bir qədər çox düşüb...
Samirə