Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2017-ci ilin fevral ayı ərzində dövlət sərhədini pozduqlarına görə 37 nəfər saxlanılıb. Bu barədə Trend-ə DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.
Məlumata görə, saxlanılan şəxslərin 11-i Nigeriya, 10-u Azərbaycan, 5-i Özbəkistan, 3-ü İran, 2-si Moldova, 2-si Qana və hər ölkədən 1 nəfər olmaqla Rusiya, Ukrayna, Gürcüstan, Türkmənistan vətəndaşlarıdır. Sərhəd rejim qaydalarını pozarkən 498 halda 624 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 327 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 1 kiloqram 295,3 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 246 min 188 manat olan qaçaqmal, o cümlədən 2 ədəd “KİA” markalı avtomobil, 1 ədəd tüfəng, 1 ədəd pnevmatik tapança, 12 ədəd patron, 1 ədəd elektrokeyləşdirici, 1290000 Rusiya Federasiyası rublu, 26500 Avro, 2000 Azərbaycan manatı, 25 ədəd qədimi xalça, 2 ədəd qayıq, 100 ədəd qarmaq, 2553 metr tor, 3391 qutu pirotexniki vasitə, 12191 qutu siqaret, 61 ədəd mobil telefon, 6787 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.