"Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam". Trend-in məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Mehriban Əliyeva qeyd edib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamına əsasən yeni vəzifəyə təyin edilməyimlə əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisində fəaliyyətimi dayandırmalı oluram. Mən on ildən artıq parlament üzvü olmuşam. Bu illər ərzində Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün böyük şərəf idi".
Birinci vitse-prezident bildirib ki, müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi formalaşmasında Milli Məclisin deputat korpusunun da böyük rolu olub. Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsini millət vəkillərinin birgə əməyi nəticəsində hazırlanan, müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir:
"Əziz həmkarlar! Millət vəkili kimi çalışdığım müddət ərzində burada daim xoş ab-havanın şahidi olmuşam. Təbii ki, belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay müəllimin böyük əməyi vardır. O, on ildən artıqdır ki, Milli Məclisin sədri vəzifəsini layiqincə icra edir. Hörmətli Oqtay müəllim, Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!
Hörmətli millət vəkilləri! Namizədliyim irəli sürülmüş Xəzər rayonunun ərazisində 2005-ci ildən bu günədək aparılmış işlər barədə qısa məlumat vermək istərdim".
Mehriban Əliyeva qeyd edib ki, bu müddət ərzində rayonda 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa olunub və ya əsaslı təmir edilib. 17 səhiyyə müəssisəsi, 10 idman obyekti, o cümlədən 6 stadion, mədəniyyət evləri, kitabxanalar, muzeylər daxil olmaqla, 28 mədəniyyət obyekti, 7 məscid və ziyarətgah istifadəyə verilib:
"Bundan əlavə, rayonun Şüvəlan, Binə, Türkan və Zirə qəsəbələrinin əhalisinin qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb. Şüvəlan, Binə və Qala qəsəbələrində su xətləri çəkilib, rayon ərazisində ümumi uzunluğu 93 km olan yollar salınıb. Bu illər ərzində irimiqyaslı, uzunmüddətli layihələrlə yanaşı, gündəlik həyatda insanları narahat edən problemlərin araşdırılmasını daim ön plana çıxartmışam. Mənə müraciət edən insanlara dəstək olmağa çalışmışam. Mən fəaliyyətimin bütün mərhələlərində rayon sakinlərinin dəstəyini hiss etmişəm. Bizim ünsiyyətimiz formal yox, hər zaman çox səmimi olub. Mən tam əminliklə deyə bilərəm ki, əldə etdiyimiz bütün nailiyyətlər bizim birgə fəaliyyətimizin nəticəsində mümkün olub. Bu illər ərzində məni dəstəkləyən hər bir kəsə öz dərin minnətdarlığımı bildirirəm və əminəm ki, gələcəkdə də Xəzər rayonunun inkişafı üçün tam gücümlə çalışacağam".
Azərbaycanın Birinci vitse-prezidenti Milli Məclisdə təmsil olunduğu müddət ərzində bir sıra təkliflər irəli sürdüyünü deyib: "Humanizim və ədalət ideyalarına əsaslanaraq, 2007, 2009, 2013 və 2016-cı illərdə irəli sürdüyüm Amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü həmkarlarım tərəfindən daim dəstəklənib. Nəticə etibarilə Amnistiya elan edilməsi haqqında qərarlar əsasında ümumilikdə 39 887 məhkum cəzadan azad edilib. Mən Amnistiya təşəbbüslərini dəstəkləmiş və bununla da 10 minlərlə insana azadlıq bəxş etmiş deputatların hər birinə öz dərin minnətdarlığımı çatdırıram. Ümidvaram ki, belə təşəbbüslər deputatlarımız tərəfindən bundan sonra da irəli sürüləcək və bu xoş ənənə davam edəcək".
Mehriban Əliyeva səhiyyə ilə bağlı bəzi məsələlərə də toxunub: “Səhiyyə ilə bağlı bəzi məsələləri xüsusi vurğulamaq istərdim. Bildiyiniz kimi, səhiyyə sahəsi rəhbərlik etdiyim Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdən biridir. Fondun 2005-ci ildən həyata keçirməyə başladığı “Talassemiyasız həyat” proqramı tez bir zamanda geniş vüsət aldı. Bizim təşəbbüsümüzlə məsələ parlamentdə müzakirəyə çıxarıldı və qısa müddət ərzində “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanunu Milli Məclis tərəfindən qəbul edildi. Fondun təşəbbüsü ilə Bakıda inşa edilmiş Talassemiya Mərkəzi regionda sümük iliyinin köçürülməsini mümkün edən ən müasir avadanlıqla təchiz edilmiş yeganə tibbi müəssisədir. Mərkəz fəaliyyətə başladığı gündən burada 40-dan çox uşaq üzərində sümük iliyi transplantasiyası əməliyyatı aparılıb.
Ümumiyyətlə, ölkəmizdə irsi qan xəstəliklərinin yayılması məni bir həkim kimi narahat edir. Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim. Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edildi".
Mehriban Əliyeva bildirib ki, təşəbbüsü ilə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanımaq üçün bir çox tədbirlər keçirilmişdir.
Birinci vitse-prezident bütün çıxışlarında Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun – ərazimizin 20 faizinin işğal olunması, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdığını qeyd edib. Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb:
"Əziz həmkarlar, mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm. Millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən həyatda sadə prinsiplərə arxalanmışam. Çalışmışam heç zaman unutmayım ki, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam, Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam.
Bu son günlər mənim ünvanıma soydaşlarımızdan çoxsaylı təbrik məktubları gəlir. Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir. Səmimi ürək sözləri və dəstəklərə görə mən hər birinə öz dərin minnətdarlığımı bildirirəm".
Mehriban Əliyeva bu gün parlamentdə təmsil olunan qadın həmkarlarını və bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart - Ümumdünya Qadınlar Günü münasibətilə təbrik edib: "Mən sizin hər birinizə möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram. Bu illərdə birgə fəaliyyətimizə görə sizə dərin minnətdarlığımı bildirirəm və ümidvaram ki, gələcəkdə bizim əməkdaşlığımız davam edəcək. Qoy Tanrı Azərbaycanı hər zaman qorusun! Diqqətinizə görə sağ olun!"
Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatları çıxış etdilər.
Birinci vitse-prezident Mehriban Əliyeva yekunda bildirdi:
"Hörmətli həmkarlar, mənim haqqımda dediyiniz xoş sözlər, fəaliyyətimə verdiyiniz yüksək qiymətlərə görə sizə dərin minnətdarlığımı bildirirəm. Mən əminəm ki, hər bir qələbənin, hər bir böyük nailiyyətin arxasında eyni fikirli, eyni niyyətli, etibarlı, güclü vahid komanda durur.
Yeni vəzifəyə təyin olunduqdan sonra mən öhdəmə düşən məsuliyyəti çox yaxşı dərk edirəm və əlbəttə, həyəcan da keçirirəm. Lakin mən gələcəyə böyük nikbinliklə baxıram. Çünki mənim sizin kimi həmkarlarım var, məni dəstəkləyən minlərlə soydaşımız var, ölkəmizin İlham Əliyev kimi bacarıqlı, cəsarətli, zəkalı, eyni zamanda, ən yüksək insani keyfiyyətlərə malik olan prezidentimiz var. Biz birlikdə əyilməz bir gücük. Mən əminəm ki, Azərbaycanın gələcəyi üçün, Azərbaycanın gələcək inkişafı üçün, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimizdən gələni bundan sonra da tam gücümüzlə birlikdə, bir komanda kimi həyata keçirəcəyik".
Oqtay Əsədov: “Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ölkəmizin ictimai-siyasi həyatına yeni nəfəs gətirəcək”
"Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti var və bu fəaliyyətlərdən biri də Milli Məclisin deputatı olmasıdır. Mehriban xanım Əliyeva daim parlament mədəniyyətinin inkişafına önəm verib, qanunvericilik bazasının inkişafında iştirak edib". Bunu isə Milli Məclisin spikeri Oqtay Əsədov deyib.
O.Əsədov bildirib: "Mehriban Əliyeva 12 ilə yaxın bir müddətdə Milli Məclisin deputatı kimi fəaliyyət göstərib, xalqımıza, dövlətimizə xidmət edib. Xanım Mehriban Əliyeva bir sıra qanunvericilik aktlarının təşəbbüskarı olub. Eləcə də 4 amnistiya aktının müəllifidir. Hər amnistiya aktı on min məhbusa şamil olunurdu. Həm amnistiyaya düşmüş insanların, həm də onların yaxınlarının sayını nəzərə alsaq, Mehriban xanım Əliyevanın nə qədər insana, ailəyə sevinc bəxş etdiyini görmək mümkündür.
Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban Əliyeva ABŞ, Fransa parlamentlərarası dostluq qruplarının rəhbəri, Türkiyə, Rusiya parlamentlərarası dostluq qruplarının üzvü olub. Beləliklə, Mehriban xanım Əliyeva Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafında böyük işlər görüb, Azərbaycan parlamentini xaricdə layiqincə təmsil edib. O, xalqımızı düşündürən problemləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mümkün olan hər şeyi edib. Bir sıra digər ictimai-siyasi vəzifələrlə yanaşı, Mehriban Əliyeva həm də Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. Bu partiyanın möhkəmlənməsi, sıralarının artması üçün çox böyük əmək sərf edir.
Mehriban Əliyevanın geniş xeyriyyəçilik fəaliyyəti hər kəsə məlumdur. Mehriban xanım Əliyeva həm də Heydər Əliyev Fondunun prezidentidir. Dara düşən, yardıma ehtiyacı olan insanlar bir çox hallarda Mehriban Əliyevaya üz tuturlar. O da həmişə insanların harayına çatır, onlara hayan durur. Buna görə də Mehriban Əliyeva sözün həqiqi mənasında millət vəkilidir. Mən əminəm ki, o, yeni vəzifəsində də millətimizin, xalqımızın vəkili olaraq qalacaq. Biz əminik ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə Mehriban Əliyevanın təyin edilməsi ölkəmizin ictimai-siyasi həyatına yeni bir nəfəs gətirəcək. Bizim üçün ikiqat fərəhlidir ki, bu məsul dövlət vəzifəsinə bizim həmkarımız Mehriban Əliyeva məsləhət bilinib. Bu qərarına görə möhtərəm Prezident İlham Əliyevə Milli Məclis adından dərin minnətdarlığımızı bildiririk. Əminik ki, bu vəzifəsində də Mehriban xanım Əliyeva hər zaman olduğu kimi xalqına, dövlətinə xidmət edəcək".
Ziyafət Əsgərov: “Birinci vitse-prezident Mehriban Əliyeva çox peşəkar siyasətçidir”
Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, eyni zamanda sosial bir dövlətdir. Birinci vitse-prezident Mehriban Əliyevanın özünün də dediyi kimi əgər o, əsasən sosial problemlərin həlli ilə məşğul olacaqsa, Azərbaycanda sosial dövlətin daha da gücləndirilməsinə çox böyük bir töhfə vermiş olacaq. Trend-in məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
Z.Əsgərov bildirib: "Tam əminliklə onu da deyə bilərəm ki, Birinci vitse-prezident Mehriban Əliyeva çox peşəkar siyasətçi, işgüzar, təcrübəli, prinsipal bir insan, bu sahədə möhtərəm Prezidentimizin ən yaxın silahdaşı kimi dövlət başçısına yardımçı olacaq. Mən digər bir məsələyə də toxunmaq istəyirəm, o da Birinci vitse-prezident Mehriban Əliyevanı xarakterizə edən onun insani keyfiyyətlərindən biri - humanistliyi ilə bağlıdır. Bu günə qədər Azərbaycanda Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 4 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktları nəticəsində on minlərlə insan öz ailəsinə, azadlığa qovuşub. Amnistiya aktının verilməsi təkcə hüquq ilə bağlı olan məsələ deyil, on minlərlə insanın öz ailəsinə qovuşması, eyni zamanda bütövlükdə dövlətin humanist xarakterinin göstəricisidir".
Z.Əsgərov daha sonra qeyd edib: "Mən Mehriban xanımın bir siyasətçi kimi, deputat həmkarımız kimi insani, işgüzar keyfiyyətlərindən danışmazdan əvvəl Azərbaycanda keçirilən referendumla bağlı bəzi məqamları qeyd etmək etmək istəyirəm. 26 sentyabr 2016-cı ildə referendum keçirildi və bu referenduma 29 məsələ çıxarıldı. Onların 23-nə dəyişikliklər edilib və 6 əlavə maddə konstitusiyaya daxil edilib. Onlardan biri də birinci vitse-prezident və vitse-prezident institutunun təsis olunması idi. Bu institutun Azərbaycan Konstitusiyasına daxil edilməsini zəruri edən səbəblər nə idi? Birincisi, Azərbaycanda siyasi idarəetmə mexanizminin təkmilləşdirilməsi və onun müasir dövrün tələblərinə cavab verməsi baxımından bu, Prezident idarəetmə formasının mövcud olduğu ölkələrdə çox vacibdir. Azərbaycan idarəetmə formasına görə, prezidentli respublikadır və bu xüsusiyyətlərdən biri buradan qaynaqlanır. İkinci, icra hakimiyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlərdir. Üçüncü, sosial iqtisadi islahatların əhatə dairəsinin daha da genişləndirilməsi məsələsidir. Nəhayət dördüncüsü, Konstitusiyamızın 12-ci maddəsində yazıldığı kimi Azərbaycan dövlətinin ali məqsədi insanların hüquq və azadlıqlarının təmin edilməsindən, onlara ləyaqətli həyat şəraitinin yaradılmasından ibarətdir"
Vitse-spiker sonra bildirib: "Bu məsələlərin bilavasitə Azərbaycan dövlətinin sosial-hüquqi mahiyyəti ilə əlaqəsi var. Azərbaycan dövləti həm də bir sosial fenomendir. Biz adətən dövləti bir fenomen kimi sosiologiya elmində, fəlsəfədə, politologiyada, hüquqda və digər müxtəlif elmlərdə öyrənirik. Bu yaxınlarda bilirsiniz ki, fevral ayının 10-da Prezident İlham Əliyev sərəncam imzaladı. Buna əslində öz mahiyyətinə görə inqilabi bir sərəncam deyərdim. O da bizim dövlətin sosia- hüquqi mahiyyəti ilə bağlı olan bir məsələdir. Penitensiar sistemin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi ilə bağlıdır. Ümumiyyətlə, Azərbaycan dövləti mahiyyət etibarilə humanist dövlətdir. Cəza siyasətinin humanistləşdirilməsi isə bizim dövlətimizin humanist xarakterinə uyğunlaşdırılmasını özündə ehtiva edir. Ona görə də yəqin ki, bizim bu sərəncamın həyata keçirilməsi ilə bağlı parlamentdə də bəzi qanunverici aktlar, əlavələr, dəyişikliklər, yeni qanunların qəbul ediıməsi zərurəti meydana çıxacaq. Sözsüz ki, bu sahədə Mehriban xanımın töhfələri daha da geniş olacaq. Mən fürsətdən istifadə edib, Mehriban xanım, bir daha Sizi bu yüksək dövlət vəzifəsinə təyin olunmağınız münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar və müvəffəqiyyətlər arzulayıram".
Azay Quliyev: “Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda ardıcıl və prinsipal mübarizə aparır”
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın haqlı davası, ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda ardıcıl və prinsipal mübarizə aparır. Bunu isə millət vəkili Azay Quliyev deyib.
A.Quliyev bildirib: "Hörmətli xanım Birinci vitse-president! İcazə verin mən də hörmətli Mehriban xanım, Sizi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməyiniz münasibətilə ürəkdən təbrik edim, belə bir mühüm və məsuliyyətli dövlət işində Sizə uğurlar arzulayım. Sizin ali dövlət vəzifəsinə təyin olunmağınız ölkə vətəndaşları və dünyada yaşayan soydaşlarımız tərəfindən böyük sevinc hissilə qarşılandı, beynəlxalq ictimaiyyət tərəfindən təqdir edildi. Bu da təsadüfi deyil. Ona görə ki, Siz geniş ictimai-siyasi və beynəlxalq fəailiyyətinizlə həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda böyük nüfuz və rəğbət qazanmısınız. Sizin ulu öndərin ölməz ideyalarını həyata keçirən, milli dövlətçilik məfkurəsini yeni nəsillərə çatdıran çoxşaxəli fəaliyyətiniz, xalq və dövlət qarşısındakı xidmətləriniz haqqında saatlarla danışmaq olar".
Millət vəkili deyib: "Mübaliğəsiz demək olar ki, təkcə Heydər Əliyev Fondunun qurucusu və prezidenti olaraq gördüyünüz işlərə və həyata keçirdiyiniz milli və beynəlxalq layihələrə görə, hər kəs Sizə hörmət edir və səmimi minnətdarlığını bildirir. Siz Azərbaycanda kimsəsizlərin və köməyə ehtiyacı olanların ümid yeri və dayağısınız. Azərbaycanda humanizm, mərhəmət və xeyriyyəçilik ənənələrinin yenidən canlanması Sizin adınızla bağlıdır. Siz Milli Məclisin deputatı kimi, məhbəsdə olan vətəndaşlarımızı da unutmamış, parlament tərəfindən qəbul edilən 4 Amnistiya aktının müəllifi olaraq, on minlərlə məhbusun azadlığa çıxmasına və onların bağışlanmasına nail olmusunuz. Bu gün qədim muğam sənəti Sizin sayənizdə özünün intibah dövrünü yaşayır və UNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi və şifahi irsinin şah əsəri kimi qorunur".
A.Quliyev sonra bildirib: "Siz, dünya mədəniyyətinə və sivilzasiyalararası dialoqa çox böyük töhvələr vermisiniz. Ümumdünya mədəni irsinin bir hissəsi olan Vatikandakı müqəddəs Marçellino və Pyetro katakombalarını bərpa etməyiniz, dünyada ilk dəfə bir müsəlman ölkəsinin xöşgörü nümayiş etdirərək xristianlıq dəyərlərinin qorunub saxlanılmasına yardımı kimi tarixə düşdü. Bütün qərb mətbuatı Sizin bu addımınızı dinlərarası və mədəniyyətlər arası dialoqa verilən sanballı töhfə, Azərbaycanı isə müasir, inkişaf etmiş və tolerant bir ölkə kimi təqdir etdi. Siz, Azərbaycanın haqlı davası, ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda ardıcıl və prinsipal mübarizə aparırsınız. Sizin qeyri-hökumət təşkilatlarına və bütövlükdə vətəndaş cəmiyyətinə verdiyiniz hərtərəfli dəstək son dərəcə qiymətlidir. Fürsətdən istifadə edib, Azərbaycanımız üçün etdiklərinizə, dövlət və millət adına göstərdiyiniz yorulmaz fəaliyyətinizə görə Sizə ictimaiyyət adından dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Azərbaycanın daha güclü, daha modern və daha inkişaf etmiş ölkəyə çevrilməsində Birinci vitse-prezident və cənab Prezidentin ən yaxın silahdaşı kimi Siz bundan sonra da daha mühüm nailiyyətlərə imza atacaqsınız. Bu işdə Sizə uğurlar arzulayıram".
Bahar Muradova: “Qərblə Şərqi, mədəniyyətləri bir araya gətirmək səyləri Mehriban Əliyevanın adını dünyanın ictimai-siyasi tarixinə parlaq hərflərlə yazıb”
Qərblə Şərqi, mədəniyyətləri bir araya gətirmək istiqamətində səyləri Mehriban Əliyevanın adını dünyanın ictimai-siyasi tarixinə parlaq hərflərlə yazıb. Bunu deyən Milli Məclisin sədr müavini Bahar Muradova daha sonra qeyd edib: "Çox hörmətli Mehriban xanım, hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Bu gün biz tarixi bir anın həm şahidi, həm də iştirakçısıyıq. Azərbaycan dövləti, Azərbaycan Parlamenti yarandığı və fəaliyyət göstərdiyi bu müddət ərzində hər gün yeni-yeni hadisələrin, tarixi miqyası və əhəmiyyəti yüksək olan yeni-yeni proseslərin içərisində olub və bir çox yeni ənənələrə, yeni layihələrə imza atıb. Bu gün də hesab edirəm ki, Azərbaycan Parlamentinin tarixində yeni bir ənənənin bünövrəsi qoyulur. Haqqında bu gün çox böyük hörmətlə, ehtiramla danışdığımız, fəaliyyəti ilə qürur duyduğumuz, onunla birlikdə neçə illər parlamentdə fəaliyyət göstərdiyimiz Mehriban xanım bir neçə gün bundan əvvəl seçiciləri qarşısında oldu, onlarla görüşdü. Mehriban xanım bu gün Milli Məclisin qarşısında bir millət vəkili olaraq gördüyü işlər və seçicilərinə xidməti ilə bağlı hesabatla çıxış etdi. Mən belə hesab edirəm ki, vitse-prezident səlahiyyətinə başlamamışdan əvvəl o, millət vəkili kimi həm xalqa, həm dövlətə, həm də Milli Məclisə hesabatını verdi. Bu, çox gözəl bir ənənədir. Arzu edirəm ki, bura millət vəkili kimi gəlmiş, bu binadan Birinci vitse-prezident kimi çıxan Mehriban xanım tarixin, zamanın və dövlətimizin onun üzərinə qoyduğu bu missiyanı çox böyük ləyaqətlə, çox böyük nailiyyətlərlə həyata keçirsin. Belə də olacağına əminəm. Çünki biz ondan yalnız belə fəaliyyət, xalqa belə xidmət, Vətənə belə xidmət görmüşük. Mehriban xanım öz gördüyü işlər haqqında danışdı. Əslində bunu danışmağa ehtiyac da yoxdur. Çünki bu gün Azərbaycan vətəndaşları, Azərbaycanı sevən, hörmət edən, onunla əlaqələrə üstünlük verən digər ölkələr, beynəlxalq təşkilatlar, müxtəlif din və mədəniyyətlərin nümayəndələri bu müddət ərzində bu fəaliyyəti izləyiblər, bir çoxları öz ölkəsində bu fəaliyyəti gözləyib, bunun nəticələrindən bəhrələnməkdədirlər".
Vitse-spiker hesab edir ki, Mehriban Əliyevanın Heydər Əliyev ideyaları ilə silahlanaraq, milli-mənəvi dəyərlərimizə söykənərək, peşəkarlığından, işgüzarlığından və prinsipiallığından istifadə edərək, üz-üzə dayanmış iki dünyanı - Qərblə Şərqi, sivilizasiyaları, mədəniyyətləri bir araya gətirmək istiqamətindəki səyləri dünyada olan nizamın yaxşılaşması və harmoniyanın olması üçün çox böyük, faydalı bir fəaliyyətdir və təkcə buna görə Mehriban xanımın adını bütün dünyanın ictimai-siyasi tarixinə parlaq hərflərlə yazıb:
"Buna görə biz Sizə öz dərin təşəkkürümüzü bildiririk. Mehriban xanım Azərbaycan qadınlarının tarix boyu əldə etdiklərinin üzərinə çox böyük bir uğur gətirdi. Bu gün o, ali icra hakimiyyəti orqanında yüksək bir vəzifə daşıyır və bununla da Azərbaycan qadınının ölkənin ictimai-siyasi və dövlət həyatında nəyə qadir olduğunu həm göstərdi, həm də bundan sonra bunun hansı faydalar verəcəyini bizə sübut edəcək. Siz burada bir vəd verdiniz ki, bundan sonra da Xəzər rayonunda seçildiyiniz dairəyə xidmət göstərəcəksiniz. Bizim də Sizə bir vədimiz var ki, nəinki Xəzər rayonu, bütün dairələrdə, bütün regionlarda sizin adınızla göstərilən fəaliyyətdə həmkarlarınız kimi, Sizə dəstək, dayaq olan Azərbaycan vətəndaşları kimi, hər zaman Sizin yanınızda olacağıq, uğurlarınıza sevinəcəyik, problemlərin həllinə birgə qoşulacağıq.
Ötən gün Mərkəzi Seçki Komissiyası Birinci vitse-prezident təyin edilməyinizlə əlaqədar olaraq, Sizin deputat səlahiyyətlərinizə xitam verdi. Amma xalqa, dövlətə, millətə xidmət missiyası davam edir. Mən Sizə bu missiyanızın yerinə yetirilməsində uğurlar arzulayıram! Qoy bu çətin, eyni zamanda, şərəfli işinizdə Sizi daim uğur izləsin, yolunuz hər zaman açıq olsun!"
Fəzail İbrahimli: “Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın haqq işinə qərəzlə yanaşanları utandırdı”
"Tariximizə şərəfli bir təqvim kimi daxil olmuş Birinci Avropa Oyunlarının açılış mərasimi hər kəsin yaddaşındadır. Kürsüyə millət vəkili, təşkilat komitəsinin sədri Mehriban xanım Əliyeva dəvət olunur. Kürsüdə Azərbaycan xalqının bütün həqiqətlərini dünyaya çatdıran, dünya ictimaiyyətinin nəzər-diqqətini Azərbaycana yönəldən, təmkinli və məğrur bir Azərbaycan xanımı dayanıb. İslam əxlaqının bütün dəyərlərinə və Avropanın qabaqcıl düşüncələrinə sahib olmuş bu xanım bütün dünyaya bəyan edir ki, biz bacardıq, qalib gəldik. Buyurun, bu mənim dövlətimin qüdrəti, təşkilatçılıq bacarığı, bu mənim xalqımın milli və mənəvi dəyərləridir. Bunu isə deputat Fəzail İbrahimli deyib.
F.İbrahimli daha sonra qeyd edib: "Mehriban xanım, o oyunları baykot etmək istəyinə düşənləri, onların havadarlarını, Azərbaycanı sevməyənləri, genetik kodunda antiazərbaycan elementi daşıyanları, nimdaş düşüncələri ilə Azərbaycan tarixinə, mədəniyyətinə, mənəviyyatına yanaşanları utandırdınız. Onların içərisində isə ən vacib, ən ciddi bir məqam var idi. Azərbaycanın haqq işinə daim qərəzlə yanaşan, o səhnəni seyr edən nimdaş sifətləri utandırdınız, boz üzləri utandırdınız. Siz həmin məqamda təşkilatçılıq qabiliyyətinin və söz qüdrətinin zirvəsində dayanıb millətin ruhunu o zirvəyə qaldırdınız. Həmin zamanda Azərbaycan xalqı sanki bir paklıq səmalarında göründü, idrak dağlarının zirvəsində göründü. Bütün fəaliyyətinizi kənara qoysaq, təkcə həmin məqam, millətin ruhuna köklənmiş həmin an tutduğunuz vəzifədə sizə tam siyasi və mənəvi bəraət qazandırır. Sizi vəzifəniz münasibətilə təbrik edirəm, sizi qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm, yaşayın, yaradın, sevilin, sevin, sevinin övladlarınızla, sevinin nəvələrinizlə, sevindirin bu xalqı".
“Birinci vitse-prezident Mehriban Əliyeva bu yüksək vəzifəyə layiq olduğunu uğurlu fəaliyyəti ilə sübuta yetirib”
"Çox hörmətli Mehriban xanım Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin olunması ilə ürəkdən təbrik edirəm. Ona gələcək fəaliyyətində uğurlar arzulayıram. Əlbəttə, mən bir millət vəkili olaraq, Mehriban xanım Əliyevanın ölkəmizi və Azərbaycan qadınını bütün dünyada yüksək səviyyədə təmsil etməsindən və bu yolda əldə etdiyi uğurlardan qürur hissi keçirirəm".
Bunu deputat Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Deputat qeyd edib: "Mehriban xanım bu yüksək vəzifəyə layiq olduğunu öz uğurlu fəaliyyəti ilə sübuta yetirib. Bu fəaliyyət bir çox sahələri əhatə edir. Bunun nəticəsidir ki, Mehriban xanımın adı Azərbaycan cəmiyyətində xeyirxahlıq və mərhəmətlə assosiasiya olunur. Mehriban xanımın Milli Məclisin üzvü, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi çoxşaxəli beynəlxalq fəaliyyəti bizlərə yaxşı məlumdur. Bu illər ərzində görülən işlərin əsas məqsədi dövlətimizin, xalqımızın maraqlarını qorumaq və Azərbaycan həqiqətlərini, tariximizi, mədəniyyətimizi yüksək səviyyədə dünya ictimaiyyətinə təqdim etmək olub. Məhz bu uğurlu fəaliyyətin nəticəsində düşünürəm ki, Azərbaycanın dünyadakı dostlarının sayı artıb. Bu, hazırki beynəlxalq aləmdə heç də asan iş deyil".
S.Qafarova daha sonra bildirib: "Mən Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fransa-Azərbaycan Dostluq Qrupunun və Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin üzvü kimi tam əminliklə deyə bilərəm ki, hər zaman Mehriban Əliyevanın keçirdiyi tədbirlərdən sonra Fransada, ümumiyyətlə Avropada bizə münasibətin daha müsbətə doğru dəyişməsini hiss etmişik. Mehriban xanım Əliyevanın fəaliyyəti biz deputatlara həmişə örnək olub və beynəlxalq təşkilatlarda fəaliyyətimiz üçün çox böyük stimul olub. Onun işinin uğurlu nəticələri çox zaman bizim çıxışlarımızın məzmununa çevrilib. Bu gün bütün dünyada Azərbaycan tolerant və multikultural ölkə kimi tanınır və şübhəsiz bunun bir səbəbi də Mehriban xanımın Şərqdə və Qərbdə müsəlman və xristian dünyasında həyata keçirdiyi layihələr olub. Bir çox ölkələrdə bərpa olunan və yenidən tikilən məscidlər, kilsələr, sinaqoqlar, məktəblər, xəstəxanalar, mədəni-tarixi abidələr məhz Mehriban xanımın təşəbbüsü nəticəsində ərsəyə gəlib".
Deputat deyib: "Çox hörmətli Mehriban xanım, sizin hərtərəfli fəaliyyətiniz haqqında fəxrlə deyiləsi söz çoxdur. Ancaq təəssüf ki, zaman azdır. Mən sizi bir daha ürəkdən təbrik edirəm. Əminliklə bildirirəm ki, bu məsuliyyətli vəzifəni - bu, mənim yox, hamımızın fikridir- siz yüksək bacarıqla və şərəflə icra edəcəksiniz. İcazəsinizlə demək istəyirəm ki, siz bu gün MM-dən ayrılırsınız və çox hörmətli Oqtay müəllimin sözlərini təkrar etmək istəyirəm. Əmin olun ki, biz millət vəkilləri həmişə sizin yanınızdayıq".