Bu günlərdə ədliyyə naziri Fikrət Məmmədovun keçirilmiş müsahibələr nəticəsində uğur qazanmış və icbari təlimdən müvəffəqiyyətlə keçərək penitensiar və tibb xidmətlərinə təyinat alan 70 gənc əməkdaşla görüşü keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, gənclər əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi anılıb, məzarları önünə tər çiçəklər qoyulub.
Nazirlikdə keçirilmiş tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu vurğulayıb, dövlətimizin gənclərin hərtərəfli inkişafına yüksək qayğısından bəhs edib.
Məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatlardan geniş söhbət açan nazir dövlət başçısının bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və qarşıda duran vəzifələrlə bağlı son Sərəncamı, habelə həmin xidmətdə qulluq keçmənin xüsusiyyətləri barədə məlumat verib, gənclərin işlərində məsuliyyətli olmasını, qanunçuluq, insan hüquqları, humanizm prinsiplərinə, etik davranış qaydalarına dönmədən əməl olunmasını, korrupsiya və digər neqativ halların yolverilməzliyini vurğulayıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxış edən gənclər müstəqil Azərbaycanımızın hərtərəfli tərəqqisi naminə ölkə başçısının ətrafında sıx birləşərək yorulmaz fəaliyyətində daim layiqli yardımçı olacaqlarını vurğulayıb, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.
Daha sonra təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər, aidiyyəti işçilərə xüsusi rütbələr verilib.
Baki-xeber.com