Qulu İsmayılov: "Hesab edirəm ki, birgə əməkdaşlıqla bağlı əldə olunan razılığın ümumi işə böyük faydası olacaq"
Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfəri zamanı İran İslam Respublikası və Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində 2 sənəd imzalanıb.
Cinayətkarlıq və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə, eləcə də dəmir yolları şəbəkələrinin birləşdirilməsi üzrə olan bu sənədlər İran İslam Respublikasının Çirkli Pulların Yuyulması ilə Mübarizə və Milli İnformasiya Mərkəzi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, habelə İranın Dəmir Yolları Təşkilatı ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında imzalanıb.
Bütövlükdə, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi yollarının nəzərdən keçirilməsi bu görüşün əsas müzakirə mövzularından olub.
Cinayətkarlıq, terrorizmin maliyyələşməsi, "çirkli pulların yuyulması" ilə mübarizə sahəsində iki ölkənin birgə əməkdaşlığının hansı üstün nəticələri ola bilər?
İqtisadçı Qulu İsmayılov qəzetimizə açıqlamasında bildirdi ki, bu problem olduqca ciddidir və bütün dünyanı narahat edir: "Azərbaycanda bu sahədə böyük işlər görülüb. Deyilən təhlükələrdən qorunmaq istiqamətində olduqca uğurlu qanunvericilik bazası formalaşdırılıb. Azərbaycan bu sahədə beynəlxalq təcrübə və həmin amillərlə mübarizə aparan qurumların tövsiyələrindən geniş istifadə edir. İranla ölkəmiz həmsərhəd olduğu üçün, bu sahədə birgə mübarizəyə böyük ehtiyac var. Çünki hazırkı şəraitdə terrorizm, cinayətkarlıq çox qlobal miqyas alıb və sərhəd tanımır. Bəzən bir ölkənin gücü daha effektiv mübarizəyə yetmir. Əksər hallarda, bu istiqamətlərdə fəaliyyət qurmaq üçün, terror və cinayətkar şəbəkələr qonşu ölkələrdən daha məharətlə istifadə edir. Ölkələrin özləri də bilmədən tranzit rolunu oynamağa başlayır. Hesab edirəm ki, birgə əməkdaşlıqla bağlı əldə olunan razılığın ümumi işə böyük faydası olacaq".
Məhəmmədəli QƏRİBLİ