“Azərbaycanla yeni saziş üzrə danışıqlar prezident İlham Əliyevin səfəri zamanı - fevralın 7-də Brüsseldə başlayıb”. APA-nın məlumatına görə, bu sözləri Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
O bildirib ki, hazırda hər iki tərəf danışıqların növbəti mərhələsinə hazırlaşır: "Düşünürəm ki, biz hazırlıq işimizdə çox ambisiyalıyıq. Danışıqların növbəti mərhələsi çox tezliklə başlayacaq. Aramızda razılaşmanı daha geniş sahələrdə - iqtisadiyyat, miqrasiya, ticarət, idarəçilik, insanlararası əlaqələr və mədəniyyət sahələrində inkişaf etdirməyə dair konsensus mövcuddur. Ona görə də tərəflərin hazırlaşması üçün daha çox məsələlər var”.
"Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin fəaliyyətini dəstəkləyirik". Bu sözləri də M.Mard deyib.
O bildirib ki, "status kvo" dayanıqlı deyil: "Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Herbert Salber mütəmadi olaraq regiona səfər edir. O, hazırda bacardığı qədər tez müddətdə Azərbaycana səfər etməyi planlaşdırır".