Türkiyənin İzmit Bələdiyyəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətindən baki-xeber.com-a verilən məlumata görə, anım tədbiri 2015-ci ildə İzmit şəhərinin Yenişəhər məhəlləsindəki parkda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə təşkil edilib. Tədbirdə İzmit Bələdiyyəsinin sədr müavini İbrahim Bulut, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev Kültür Evinin rəhbəri Bilal Dündar, Bakının Nəsimi rayon İcra Hakimiyyəti başçısının I müavini Gülarə Verdiyeva, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, yerli ictimaiyyətin nümayəndələri, burada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, yerli KİV təmsilçiləri iştirak edib.
Tədbirdə çıxış edənlər ermənilərin özlərinin uydurduqları qondarma erməni soyqırımı yalanlarını bütün dünyaya yayaraq Xocalı və digər faciələrdə Azərbaycanlılar və Türklərə qarşı insanlıqdan kənar cinayətlərini ört-basdır etdiklərini bildirib, Türkiyə və Azərbaycanın, bütün maneələrə baxmayaraq, beynəlxalq platformlarda qondarma “erməni soyqrımı” yalanlarına qarşı birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Nəsimi rayonundan olan nümayəndə heyəti İzmit şəhərində Xocalı faciəsinə həsr edilmiş digər tədbirlərdə - Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasında, Kocaeli Universitetində, Kocaeli Heydər Əliyev Kültür Mərkəzində, TADEF-da yeni yaradılmış Xocalı muzeyində keçirilən tədbirlərdə də iştirak edib, keçirilən bütün anım tədbirlərində erməni vəhşiliyi, erməni vandalizmi bir daha lənətlənb.
Baki-xeber.com