Sabahdan Türkiyənin TRT 1 kanalının Azərbaycan ərazisində rəqəmsal yayımı həyata keçiriləcək.
Bu barədə baki-xeber.com-a telekanalın Bakı bürosundan xəbər verilib. Xəbərdə deyilir ki,
Türkiyə Respublikası Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Radio, Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi arasında əldə olunan razılığa əsasən, martın 1-dən TRT 1 televiziya kanalının Azərbaycan ərazisində sosial paket daxilində yayımı bərpa olunacaq.
Azərbaycanda kifayət qədər tamaşaçısı olan TRT 1 televiziya kanalı 1995-ci ildən etibarən Azərbaycan və Türkiyə hökumətlərarası müqavilə əsasında yayım həyata keçirir.
2016-cı ilin noyabr ayından etibarən mərhələli şəkildə Azərbaycan ərazisində analoq TV yayımının dayandırılmasından sonra TRT 1 televizia kanalı 1 mart 2017-ci ildən etibarən öz verilişləri ilə rəqəmsal sosial paket daxilində gündəlik 24 saat Azərbaycan tamaşaçılarının qarşısına çıxacaq.