Qətərdə rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Əmir sarayında rəsmi qarşılanma mərasimi olub. APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycan və Qətərin dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib.
Prezident İlham Əliyev və əmir Şeyx Təmim bin Həməd Al Tani fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycanın dövlət və hökumət nümayəndələri əmir Şeyx Təmim bin Həməd Al Taniyə, Qətər dövlətinin nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.
Rəsmi qarşılanmadan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında təkbətək görüş olub. Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan Prezidentinin Qətərə səfərinin əlaqələrimizin daha da genişləndirilməsi və əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra isə Azərbaycan Prezidenti və Qətər əmirinin geniş tərkibdə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüşdə son vaxtlar iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyi bildirilib.
Azərbaycana səfərini xatırladan əmir respublikamızın sürətlə inkişafının şahidi olduğunu diqqətə çatdıraraq bildirib ki, ölkəmizdə sabitlik və təhlükəsizlik mövcuddur. Bu da həm iqtisadi, həm turizm sahələrində inkişafa imkan yaradır. Qətər əmiri qarşılıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Qətərə əvvəlki səfərini məmnunluqla xatırlayıb və ötən müddət ərzində ölkədə böyük inkişafın şahidi olduğunu deyib.
Dövlət başçısı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlardan, qeyri-neft sektorunun inkişafından danışaraq vurğulayıb ki, əsas məqsəd qeyri-neft sektoru məhsullarının xarici bazarlara ixrac edilməsidir.
Söhbət zamanı müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm, mədəniyyət, infrastruktur sahələrində əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, digər ölkələrdə müxtəlif sahələrdə layihələrin icrasına birgə sərmayə qoyuluşu, neft və qaz sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Qətər dövlətinə rəsmi səfəri fevralın 27-də başa çatıb.