Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu vəziyyəti gərginləşdirmək məqsədilə fəaliyyətini davam etdirir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan tərəfi Talış kəndi istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib.
Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur.
Bu arada, Ermənistan döyüş meydanından meyitlərin çıxarılması barədə beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş şərtləri pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı.
Lakin meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş şərtləri pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb.
Eyni zamanda, cəbhənin digər istiqamətlərində düşmən tərəfi mövqelərimizi müxtəlif çaplı silahlardan, artilleriya qurğularından atəşə tutub və bir neçə istiqamətdə planlı surətdə diversiya həyata keçirməyə cəhd göstərib.
Müdafiə Nazirliyi ermənilərin həlak olan Azərbaycan hərbçilərinin meyitlərinin qaytarılmasına hazır olduqları barədə yaydıqları məlumatlara вф münasibət bildirib. Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, bu, erməni tərəfinin hadisəni spekulasiya etməsidir: “Həlak olan hərbçilərimizin meyitləri ermənilərin əlində deyil ki, onlar da cəsədləri bizə qaytarsınlar. Həmin ərazi Silahlı Qüvvələrimizin nəzarəti altındadır. Beynəlxalq vasitəçilərin orada olması isə əlavə qan tökülməməsi üçün atılan addımdır. Ermənistan tərəfinin bu cür məlumatlar yayması, bəzi yerli saytların da bunu tirajlaması hazırda həyata keçirilməkdə olan humanitar əməliyyatın pozulmasına yönəlmiş addımdır.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib.
Xatırladaq ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.