İyulun 17-də İrəvanın Erebuni rayonunda polis alayına hücum edib polisləri girov götürməklə gündəmə gələn və alayın binasını indiyə kimi nəzarətində saxlayan qrupun üzvlərinin polisə atəş açması nəticəsində bir polis ölüb.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan məlumat verib.
Onun sözlərinə görə, öldürülən polis işçisi alayın binasından 350-400 metr aralıda maşında olub. Bu, 1986-cı il təvəllüdlü Yura Tepanosyan olub. Xəbərdə o da bildirilir ki, ölkənin milli təhlükəsizlik xidməti polis alayının binasına sığınan silahlı dəstəyə bu gün saat 17:00-a kimi təslim olmağı təklif edib. Əks təqdirdə isə alayın ətrafında istənilən silahlı şəxsə atəş açılması ilə bağlı əmr verildiyini açıqlayıb. Qruplaşma ultimatuma heç bir reaksiya verməyib. Lakin bundan bir qədər sonra "Təcili Yardım” şirkətinin direktoru Taqui Stepanyan bildirib ki, silahlı qrupun girov kimi saxladığı həkimlərdən biri onların əlindən qaçmağı bacarıb. Həmin həkim qrupu silahlıların əlində iyulun 27-dən girovluqdadır.
Xatırladaq ki, tapança və avtomat silahlarla silahlanmış dəstə polis alayına iyulun 17-də hücum edib. Nəticədə polis polkovniki həlak olub, daha 3 nəfər isə yaralanıb. Silahlı qrup prezident Serj Sarkisyanın istefasını və qanunsuz silah saxlamaq ittihamı ilə həbs olunan "Yeni Ermənistan” müxalifət hərəkatının lideri Jirayr Səfilyanın azadlığa buraxılmasını tələb edib.