İrəvanda polis aksiya iştirakçılarını hadisələrin başladığı Xorenasi küçəsindən dağıdıb.
Baki-xeber.com lenta.ru-ya istinadən xəbər verir ki, polis öncə mitinqin qadağan olunması barədə xəbərdarlıq edib. Aksiya iştirakçılarının dağılışmaq istəmədiyini gördükdə isə zora əl atılıb. RİA”Novosti”nin xəbərinə görə, polis onları dağıtmaq üçün səsli və içıq qumbaralarından istifadə edib. Daha sonra isə gözaltına alınmalar başlayıb. Aksiyaçıları ərazidən uzaqlaşdıran polis qüvvələri geri qayıdaraq polis alayının olduğu ərazini əhatəyə alıb. Xəbərə görə, aksiyaçılar arasında qəlpə yarası alanlar var. Ümumilikdə 15 nəfərin xəsarət aldığı xəbər verilir. O da bildirilir ki, səsli və işıq qumbaralarının atılması nəticəsində hadisələrin yaşandığı Sari Tax rayonunda bina yanıb.
Xatırladaq ki, İrəvanda narazılıqlar iyulun 17-də bir qrup silahlı şəxsin polis alayına hücum etməsi və oradakı insanları girov götürməsilə başlayıb. Belə ki, silahlı dəstə müxalifət lideri Sefilyanın həbsdən azad olunmasını tələb edib və hakimiyyətdən narazı ictimaiyyət üçün bu bir siqnal olub. Bundan sonra şəhərdə düzənli olaraq qiyamçılara dəstək mitinqləri keçirilməyə başlanıb. Hakimiyyət isə girovları azad edə bilsə də, ümumi ictimai narazılıq fonunda qiyamçıların müqavimətini qırmaqda aciz görünür.