15 iyul çevriliş cəhdindən sonra prezidenti Rəcəb Tayyib Ərdoğan və hökumət Türkiyədə çevrilişçiləri tamamilə bitirmək üçün hərəkətə keçib.
Baki-xeber.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin strukturu tamamilə dəyişdirilir. Belə ki, Baş Qərargah Prezident Administrasiyasına, Qüvvət Komutanlıkları Müdafiə Nazirliyinə bağlanacaq.
Baş Qərargahdan başqa MİT Müstəşarlığının Administrasiyanın tabeliyinə keçirilməsi planlaşdırılır. Baş Qərargah hərbi əməliyyatlardan, ölkənin təhlükəsizliyindən məsul olacaq və bir başa prezidentə bağlı olacaq.
Milli Müdafiə Nazirliyi isə tamamilə mülkiləşdiriləcək. Hazırda nazirdən başqa Müdafiə Nazirliyində yalnız nazirin köməkçi və məsləhətçisi mülki vətəndaşdır. Yeni qaydaya əsasən rəhbərlikdə mülki vətəndaşlar daha çox olacaq.
Bundan başqa, hərbi liseylər də bağlanılacaq.
Müdafiə naziri Fikri İşık deyib ki, Türkiyədə hərbi təhsil müəssisələri bağlana bilər. Onun sözlərinə görə, bununla yanaşı, hərbi akademiyalar fəaliyyət göstərməyə davam edəcək.
Hazırda ölkədə 4 hərbi təhsil müəssisəsi fəaliyyət göstərir.