Fəthullah Gükən hərəkatının tərəfdarları ilə mübarizə çərçivəsində Aİ işləri üzrə nazirlikdən 16 əməkdaş işdən azad edilib. Trend-in "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, nazirlikdə təmizləmələrin davam edəcəyi istisna edilmir.
Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyində 1300-dən çox əməkdaş işdən çıxarılıb.
Türkiyənin Kayseri vilayətində isə Boydak Holding-in Direktorlar Şurasının rəhbəri Mustafa Boydak saxlanılıb. Həmçinin holdinqin İdarə Heyətinin üzvü Şükrü Boydak da saxlanılıb.
"Sabah" qəzetinin verdiyi məlumata görə, həmin şəxslər Fəthullah Gülənin terror təşkilatına maliyyə yardımı ayırmaqda ittiham olunaraq saxlanlılıblar.
Anadolu agentliyi isə xəbər verir ki, Ankarada Fətullah Gülənin hərəkatı ilə mübarizə çərçivəsində 117 hərbçi tutulub. Bildirilir ki, saxlanılan hərbçilər arasında Prezident qvardiyasının zabitləri var.
"Haber7" qəzetinin yaydığı məlumata görə, Fəthullah Gülən hərəkatının tərəfdarlarının evlərində kütləvi axtarış başlayıb. Məluamata görə, İzmir vilayətində Gülən tərəfdarlarına aid 250 mənzildə axtarış aparılıb, nəticədə 150-dən çox nəfər saxlanılıb. Bu cür axtarışlar Türkiyənin digər vilayətlərində də aparılacaq.
Bu arada, hərbi çevrilişə cəhd zamanı həlak olanların ailələrinə və yaxınlarına kompensasiya qismində 88 min lirə ödəniləcək. Məlumata görə, həlak olanların ailələri 3 min lirə həcmində aylıq müavinət alacaqlar.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.