Bu gün səhər saatlarından etibarən Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda birgə xüsusi əməliyyata başlamışdılar. Əməliyyatın məqsədi uzun illərdir Nardaranı yuva salmış terrorçulardan və radikal ekstremistlərdən təmizləmək, dövlət orqanlarının fəaliyyətini bərpa etmək, qəsəbədə mövcud olan mənfi ab-havanı aradan qaldırmaq, əminamanlığı və normal həyat ritmini bərpa etməkdi.
Qəsəbədə tədbirlərin həyata keçirilməsinə başlandı.
Küçə və meydanlardakı qara bayraqlar, şüarlar, çağırışlar və bəyanatlar, habelə "Hüseynniyə" ruhlu yazılar və simvollar yığışdırılıb.
İlk baxışdan bütün bunlar adi dini çağırışlardı, fəqət Nardaranda illərdən bəri dinin bir qrup insanların məqsədlərinə xidmət məqsədilə siyasi alətə döndərildiyini nəzərə alsaq, həmin şüarlar və bayraqlar radikal dini simvolika sayılmalıdır.
Eyni zamanda Nardaran küçələri barrikadalardan təmizlənib.
Əməliyyat zamanı insanları itaətsizliyə və müqavimət göstərməyə çağıran terrorçu və ekstremist dəstənin üzvləri qaçıb gizləniblər.
Hazırda onlar axtarışdadır. Bu adamların yerlərinin müəyyənləşdirilməsi və saxlanmasına yönəlmimş tədbirlər reallaşdırılır.
Əməliyyat həyata keçirilən zaman ictimai qaydaları pozan, müqavimət və itaətsizlik nümayiş etdirən şəxslər haqqında qanun çərçivəsində tədbirlər görüləcək.
Ən əsası odur ki, Nardaranda "dövlət içində dövlət" yaratmaq planları, qəsəbə statuslu kəndi orta əsrlərin qaydaları, feodal şüuru ilə idarə etmək cəhdləri, nardaranlıları arxaizmə, mövhumata və xurafata sürükləmək cəhdlərinə son qoyulacaq.
Bununla yanaşı, Nardaranda hakimiyyət orqanları və dövlət strukturlarının funksiyalarının, səlahiyyətlərinin ən müxtəlif "qurum"lar, habelə Ağsaqqallar Şurası tərəfindən mənimsənilməsinin qarşısı alınacaq.
"Müsəlman Birliyi Hərəkatı" təki ekstremist qruplaşmaların, xaricdən idarə olunan şəxslərin Nardaranda təxribatlar törətmək, yerli sakinlərin təhdidlər, hədə-qorxular və aşkar təzyiqlər vasitəsilə radikallığa, itaətsizliyə vadar olunması cədlərinin də sonu çatır.
Belə başıpozuqluğun qarşısı bundan sonra ən sərt şəkildə alınacaq.
Nardaranda bundan sonra ölkə qanunvericiliyi çərçivəsində yaşam təmin ediləcək, qanunların işləklik səviyyəsi normaya salınacaq.
Qəsəbə artıq normal həyat ritminə qayıdacaq.
Ekstremistlər, "Nardaran alınmaz qaladır!" bağıraraq dinlə pərdələnən və mənhus əməllərinin gerçək məqsədlərini gizləməyə çalışanlarsa anlamalıdır: Nardaranda indiyədək baş vermiş olayların bir daha təkrarlanmaması, birdəfəlik istisnası üçün Azərbaycan dövləti zəruri tədbirləri davam etdirəcək, fitnə və fəsadla nardaranlılara təsir etməyə cəhd edənlərin səylərini puça çıxaracaq.
Bu gün Nardarandakı əməliyyat dövlətimizin ekstremistlərə və terrora meylli fərdlərə, ən müxtəlif təxribatçı qüvvələrə, əsası isə onların havadarlarına Azərbaycanda tolerantlıq, dini dözümlülük, qanunlara riayət və normal yaşam prinsiplərinin təminatı üçün cəmiyyətin gücünü, əzmini və iradəsini nümayiş etdirdi.
Nardaran radikalizm, ekstremizmdən təmizlənir, nardaranlıların normal həyatlarına şərait yaradır, həyat adi axarına qayıdır.
Elçin Alıoğlu
Milli.Az