Bakının Nardaran qəsəbəsi ətrafında yenidən gərginlik yaşanır. Baki-xeber.com-un yerli sakinlərdən aldığı xəbərdə qəsəbəyə giriş-çıxışın bağlandığı deyilir. Xəbərə görə, bu gün səhər saatlarında qəsəbəyə Daxili Qoşunların hissələri yeridilib. Maştağadan başlayaraq polis və post patrul xidmətinin bölmələri isə avtomatlarla yol boyu keşik çəkir..Dənizdən isə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin keşikçi katerləri qəsəbəni nəzarətdə saxlayır..
Qeyd edək ki, bu gün qəsəbə sakinlərinin 26 noyabr tarixində keçirilən xüsusi əməliyyat zamanı ölən 4 nəfər sakinin meyitinin veilməməsinə etiraz olaraq aksiya keçirməyə hazırlaşdığı bildirilirdi. Aldığımız məlumata görə, artıq meyitlər sahiblərinə təhvil verilib və hazırda onların dəfninə hazırlıq gedir.
Xatırladaq ki, göstərilən tarixdə Daxili İşlər Nazirliyi qəsəbədə bir qrup şəxslə bağlı əməliyyat keçirib. Polisin qanuni tələblərinə tabe olmayan şəxslər atəş açdıqda polis də atəş açaraq onları zərərsizləşdirməli olub. Nəticədə, 2-si polis olmaqla 6 nəfər həlak olub.