"Azərbaycan turizmi inanılmaz sürətlə inkişaf edir. Bunun daha bir sübutu ölkənin National Geographic Traveler jurnalının "İlin kəşfləri” nominasiyasında keçirdiyi müsabiqədə qalib olmasıdır”.
Bu sözləri "Rossiya dlya vsex” saytı bu ölkədə keçirilən sorğunun nəticələrini şərh edərkən yazır. Sayt daha sonra qeyd edir:”Gözəl mənzərələr, qonaqpərvər insanlar, mirvari qumlu sahil Abşeronu bu ölkənin qonaqları və turistlər üçün cəlbedici edir”.
Saytın xəbərinə görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu teleaparıcı Mixail Kojuxovdan mükafatı qəbul edərkən tamaşaçılara Azərbaycanın zəngin təbiətindən, səfalı turizm bölgələrindən söz açaraq, onları yaxın turizm məkanı kimi Azərbaycanı seçməyə dəvət edib.
Sayt daha sonra onu da diqqətə çatdırır ki, Azərbaycan mətbəx turizmi ilə bağlı keçirilən sorğuda da ilk üçlüyə düşüb. Sorğuda dörddə bir milyon rusiyalı iştirak edib.