22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Ədliyyə Nazirliyində tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, peşə bayramlarını qeyd edən ədliyyə işçiləri, hakimlər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. Sonra mərasim Ədliyyə Nazirliyində davam etdirilib.
Tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, milli təhlükəsizlik nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Mədət Quliyev, nazirliyin kollektivi, vətəndaş cəmiyyətinin və media nümayəndələri iştirak ediblər.
Ədliyyə işçilərini təbrik edən nazir F.Məmmədov qanunvericiliyin əsaslı surətdə yeniləndiyini, ədliyyənin, məhkəmə orqanlarının inkişafı, müasirləşdirilməsi ilə bağlı ölkə başçısı tərəfindən fərman və sərəncamların imzalandığını bildirib.
Sonra prezident İlham Əliyevin bir qrup ədliyyə işçisinin orden və medallarla təltif olunması barədə 2015-ci il 20 noyabr tarixli Sərəncamı oxunub, fəaliyyətdə fərqlənmiş əməkdaşlar mükafatlandırılıb, onlara xüsusi rütbələr, qiymətli hədiyyələr və s. təltiflər təqdim olunub.
Mərasimdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən Mədət Quliyev təbriklərini çatdırıblar, Azərbaycan ədliyyə orqanlarının fəaliyyətinin müasir tələblərə, beynəlxalq standartlara cavab verdiyini bildiriblər.