Avropaya qaçqın axını, Paris terroru, İŞİD-lə bağlı Qərb ölkələrində artan təhlükə Şengen zonasının sərhədlərini dəyişmək mövzusunu gündəmə gətirib. Baki-xeber.com-un xəbərinə görə, bu barədə utro.ru saytı yazır.
Xəbərə görə, artıq müqaviləyə üzv ölkələrdə bu barədə danışıqlar başlayıb. "De Telegraaf”-ın xəbərinə görə, Niderland rəhbərliyi "yeni Şengen”in yaradılması imkanlarını müzakirəyə çıxarıb. Hazırda bu istiqamətdə 2 variant nəzərdən keçirilir. Birinci variant Niderland, Belçika, Lüksemburq, Almaniya və Avstriyanı əhatə edir. İkinci variant isə yalnız Niderlandla Belçika arasında ayrıca razılaşmanın imzalanmasını nəzərdə tutur.
Əslində isə de fakto artıq Şengen zonasında sərhəd yoxlamalarında yenilənmənin gözə çarpdığı deyilir. Belə ki, son olayların ardından artıq Almaniya, Avstriya və Slovakiya arasında daxili sərhədlərdə yoxlamaların gücləndirildiyi bildirilir. Üstəlik Avstriya özünün Slovakiya ilə sərhədində hasar çəkmək niyyətini açıqlayıb və bunu qaçqın axınını nəzarətdə saxlamaq məqsədilə izah edib. Fransa isə terror aktlarından sonra sərhədlərinin bağlandığını bəyan edib.
Beləliklə, Şengen rəsmiləri hələlik təmkinlərini qorusalar da, görünən odur ki, razılaşmanın ömrünün bitməsinə çox qalmayıb.