Amerikanın pilotsuz uçuş aparatları Suriyanın dinc sakinlərini qırmaqda İŞİD-ə kömək edir. Baki-xeber.com-un Anadolu Agentliyindən aldığı xəbərə görə, bu barədə məqaləsində "Guardian” 4 keçmiş hərbçinin Barak Obamaya yazdığı məktuba istinad edir.
Onların sözlərinə görə, ABŞ "nifrət artıran” hərbi taktikasını bir daha gözdən keçirməlidir. Hərbçilərin fikrincə, əks təqdirdə İŞİD-in sıraları genişlənməkdə davam edəcək. "Biz PUA-ların hansı dağıdıcı nəticələrə gətirəcəyini bilə-bilə səssiz otura bilmərik” – deyə hərbçilərin məktubunda bildirilir.
Yazı müəllifi bildirir ki, PUA-larla bağlı proqram əvvəldən narahatlıq yaradırdı. Hazırda isə, məxfi sənədlərə görə, onların 90 faizi hədəfə aldığı obyekti vura bilmədiyindən, yaşayış məntəqələri dağıntılara məruz qalır. Bu halda isə həlak olanlar "düşmənlə savaşda öldü” kimi qeydiyyata alınır.
Ekspertlərin də fikrincə, Vaşinqtonun dronlarla bağlı proqramı iflasa məhkumdur, çünki daha çox insan tələfatına səbəb olmaqla ABŞ-a nifrəti körükləyir. Buna baxmayaraq, dronların aviazərbələrinin getdikcə artırıldığı, hətta 2019-cu ilə kimi onların gündəlik reyslərinin 50 faiz artırılmasının planlaşdırıldığı bildirilir.