Macarıstan baş naziri Viktor Orban Qərbi ölkələri viran qoymamağa çağırıb. Orban əmindir ki, Avropa ittifaqı ölkələrinə miqrant axınına nəzarət olunmasa, bugünkü hələlik sabit situasiya ciddi şəkildə dəyişə bilər. "Die Welt” alman nəşrinə açıqlamasında o bildirib ki, miqrantlar Avropanın gələcək identikliyinə ciddi hədə ola bilər.
"Miqrant axını böyük biznesdir. Təhlükəsizlik qüvvələri bunun necə işlədiyini izah edir. Köçürülmə ilə məşğul olan xüsusi insanlar Pakistan və Əfqanıstanda əsl düşərgələr qurublar və müəyyən məbləğ qarşılığında öz xədmətlərini təklif edirlər. Bu xidmətlərin qiyməti isə müştərilərin seçimindən asılıdır. Yəni dəniz, hava və quru yolunun hərəsinin öz qiyməti var”. Baş nazir açıqlamasında onu da bildirib ki, Pakistan və Əfqanıstanda vəziyyətin elə də kritik olmamasına baxmayaraq, bu ölkələrdən də miqrasiya etmək istəyənlərin sayı az deyil. Bunu isə o, insanların daha yaxşı yaşamaq istəməsilə izah edib.
Orbanın sonda toxunduğu məqam isə xüsusilə maraqlıdır. O bildirir ki, müsəlman ölkələrindən gələn miqrantlar gələcəkdə xristianlığın bu çoxluğun içində əriməsinə və mədəniyyətlərin qarşıdurmasında Avropa dəyərlərinin uduzmasına gətirə bilər:”Hər halda onlar bizə nisbətən çoxluq təşkil edəcək, bu sadə riyaziyyatdır”. Macar siyasətçi bu gün Avropada yaşanan qaçqın böhranının kökünü isə elə Qərb ölkələrinin özünün xarici siyasətində görür. Bu səbəbdən də o, Qərb ölkələrini digər ölkələri viran qoymamağa çağırıb:”Yaxşı olar ki, daim hansısa dövlətin viran qoyulmasına son qoyulsun. "Ərəb baharı” dövründə avropalılar və amerikalılar faktiki mövcud olmayan müxalifəti dəstəklədi, halbuki, onların ölkəni idarə edə bilməyəcəyi gün kimi aydın idi”- deyə macar baş nazir vurğulayıb.
Baki-xeber.com