ABŞ və Türkiyə hökumətləri Türkiyə hərbi təyyarələrinin "İslam dövləti” terrorçu təşkilatının mövqelərinə aviazərbələr endirəcək koalisiya qüvvələri arasında iştirakını razılaşdırıb.Bu barədə baki-xeber.com Bi-bi-ci-yə istinadən xəbər verir. Xəbərə görə, Pentaqon rəsmisi Piter Kuk Türkiyə təyyarələrinin yaxın günlərdə döyüş tapşırığının icrasına başlayacağını bildirib. Cənab Kuk iki ölkə arasında əldə edilən razılığı İŞİD-ə qarşı mübarizədə çox önəmli addım adlandırıb. Pentaqon başçısı Eşton Karter isə daha əvvəl bəyan edib ki, Türkiyənin İŞİD-ə qarşı antiterror əməliyyatlarında iştirakı çox önəmlidir. "Biz istəyirik Türkiyə anti-İŞİD mübarizəsində daha çox şey etsin. O bu əməliyyata mütləq qoşulmalıdır”. Pentaqon rəhbərinin sözlərinə görə, Ankaranın bu mübarizədə rolu həm də NATO ölkəsi kimi Suriya və İraq sərhədlərinə nəzarəti həyata keçirməkdir.
Xatırladaq ki, Suriya ilə həmsərhəd Suruç rayonunda 30 nəfərin həyatını itirməsinə səbəb olmuş terakt Ankarada kəskin reaksiya doğurmuşdu. Bunun ardınca F-16-ların Suriyada İŞİD mövqelərini bombalaması isə Ankaranın Suriya strateqiyasında dönüş anı oldu.